Xırdalanın elektrik təchizatı infrastrukturu yenilənir

Xırdalanın elektrik təchizatı infrastrukturu yenilənir
Oxunma sayı: 634

“Xırdalan şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün iki ədəd 35 kV-luq yarımstansiya inşa edilib və mövcud 35 kV-luq elektrik şəbəkəsi ilə əlaqələndirilib”. “Qafqazinfo” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T. Mustafayevin sözlərinə görə, ölkə üzrə elektrik enerjisi şəbəkəsini yaxşılaşdırmaq üçün işlər davam etdirilir:

“Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, ərazidə yeni inşa edilən çoxsaylı sosial infrastruktuların, o cümlədən əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi ilə yeni güc mənbələrinin inşa edilməsi, istismar müddəti keçmiş trasnformator məntəqələrinin, komplekt transformator məntəqələrinin, elektrik verilişi xəttlərinin və digər elektrik qurğularının yenisi ilə əvəz olunması istiqamətində “Azərişıq” ASC tərəfindən irihəcmli işlər həyata keçirilir.

“Azərenerji” ASC tərəfindən yeni inşa edilən 110 kV-luq “Xırdalan” yarımstansiyasının ərazisində 35/10 kV-luq yarımstansiyası inşa edilərək şəbəkəyə qoşulub. 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunan 10 kV-luq kabel xətlərinin yeni 35 kV-luq yarımstansiyasına köçürülməsi işləri davam etdirilməkdədir.

Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, Atyalı, Quşçuluq və digər ərazilərin elektrik təchizatında olan problemlərin aradan qaldırılması üçün “Azərişıq” ASC tərəfindən bir sıra texniki tədbirlər həyata keçirilməkdədir”.

Qeyd olunan yaşayış məntəqələrində 35;10;6 və 0.4 kV-luq elektrik veriliş xətlərində, yarımstansiya və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır, elektrik enerjisinə artan tələbatın qarşılanması üçün müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılır.





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi