Bu gün Hərbi Prokurorluqda “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü” ilə əlaqədar elmi-praktiki konfrans keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransı Baş prokurorun müavini- Hərbi prokuror Xanlar Vəliyev açıq elan edib.
O, konfrans iştirakçılarının diqqətini Xocalı soyqırımına yönəltməklə, o müdhiş gecədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin komandir heyətində erməni millətindən olan şəxslərin də təmsil olunduğu 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhərinə hücumundan, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridilməsindən, şəhərin dinc əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından danışıb.
15 fevral 2020-ci il tarixdə Münxen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdən bəhs etməklə çıxışını davam etdirən Hərbi Prokuror, Prezident İlham Əliyevin zəngin elmi biliklərinin, yüksək erudisiyasının, bəlağətinin, mükəmməl və məzmunlu nitqinin qarşısında Nikol Paşinyanın aciz qaldığını xüsusi vurğulayıb.
Dövlət başçısının polemikadakı inamlı qələbəsinin Azərbaycan diplomatiyasının növbəti uğuru olmaqla, sözügedən məsələnin həllində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Xanlar Vəliyev, Prezident İlham Əliyevin səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışı ilə əsl həqiqətin nədən ibarət olmasına-bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna və torpaqlarımızın işğal edildiyinə dünya ictimaiyyətini inandırmağa müvəffəq olduğunu, bununla da Paşinyanın savadsızlığını və yalanlarını növbəti dəfə ifşa etməklə, onu “mat” vəziyyətinə saldığını bildirib.
Bundan sonra, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova və Xocalı sakini Təhmasib Kərimov bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı barədə geniş çıxışlar ediblər.
Daha sonra Hərbi Prokurorluğun təşəbbüsü ilə hazırlanmış soyqırım haqqında “Əsrin faciəsi” rəqəmsal video diski nümayiş etdirilib.


Son xəbərlər
Son Xəbərlər