Xocalı soyqırımı qurbanlarını Haçadağın zirvəsində andılar - Fotolar

xocali-soyqirimi-qurbanlarini-hacadagin-zirvesinde-andilar
Oxunma sayı: 1212

Xocalı faciəsinin 32-ci ildönümündə soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsinin anılması məqsədilə Türkiyədən Naxçıvana gələn böyük alpinist heyəti Haçadağın zirvəsinə qalxıb.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri, Turizm Departamenti və Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi yürüşə səhər saatlarında Culfa rayonun Gal kəndindən başlanılıb.

İstanbul, Antalya, Qars, Ağrı, Elazığ və İğdır bölgələrindən gələn 40 nəfərdən ibarət peşəkar və həvəskar alpinistlərin, eləcə də 10 nəfər yerli ekstrimsevərin qatıldığı yürüşə çətin relyefdə dağçıların təhlükəsizliyinin təmin edilməsi və mövcud risklərin idarə olunması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları da cəlb edilib. 2415 metr yüksəkliyi olan Haçadağın zirvəsində qalxan alpinistlər Xocalı faciəsi qurbanlarını və 44 günlük Vətən müharibəsi şəhidlərini bir dəqiqəlik sükutla yad edib, hər iki ölkənin bayraqlarını açıblar.

Yürüşü tamamlayan alpinistlərə təşəkkürnamələr təqdim edilib, Türkiyədən gələn alpinistlərin rəhbərləri və təşkilatçılar qarşılıqlı olaraq bir-birilərinə Dövlət Bayrağını hədiyyə ediblər.

Qeyd edək ki, heyət üçgünlük səfər proqramı çərçivəsində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin, eləcə də Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidələrini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.