Xocalıya uçan pilot tələbələrlə görüşdü - Fotolar

xocaliya-ucan-pilot-telebelerle-gorusdu-
Oxunma sayı: 1426

Bakı Dövlət Universitetində Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, universitetin foyesində Xocalı soyqırımından bəhs edən rəsm əsərlərinin sərgisinə baxışla başlayan tədbir işini böyük akt zalında davam etdirib. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, akademik Abel Məhərrəmov Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, ən qəddar və amansız terror hadisələrindən olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər.

Rektorun çıxışından sonra Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçin xatirələri dinlənilib. Daha sonra tələbələrin Xocalı soyqırımı ilə əlaqədar hazırladığı səhnəcik və video-çarx nümayiş etdirilib. Sonra Əməkdar artist, qiraət ustası Ağalar Bayramovun ifasında Xocalı haqda şeirlər dinlənilib. Sonda tələbələrin dünya ictimaiyyətinə müraciəti təqdim edilib.