Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Qəzada xəsarət alan beş nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə “Qafqazinfo”ya Füzuli RMX-dən məlumat verilib. Bildirilib ki, hazırda onlar həkim nəzarəti altında saxlanılır və vəziyyətləri stabildir.
Qeyd edək ki, qəza ötən gün gecə baş verib. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var. Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar barədə hələ ki ətraflı məlumat verilməyib.
***
Qəzanın nəticələri ilə bağlı Səhiyyə Nazirliyi də məlumat yayıb. Nazirlik hazırda müalicə alanların sayının 13 nəfər olduğunu bildirib:
"Xocavənddə ötən gün baş verən qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.
Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir".
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər