Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı uzman otorinolarinqoloq Asif Əhmədovdur. Müsahibimiz xoruldamanın müasir üsullarla müalicəsi haqqında suallarımızı cavablandırıb.
“Qafqazinfo” müsahibəni təqdim edir:
Arayış
Peşəkar qulaq, burun, boğaz və baş boyun cərrahı Uzm. Dr. Asif Əhmədov 2006-cı ildə prezident təqaüdü ilə Azərbaycan Tibb Universitetinə daxil olub. Elə həmin il də təhsilinə Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) davam edib. 2016-cı ildə qulaq, burun, boğaz xəstəlikləri və baş boyun cərrahiyyəsi ixtisası üzrə GATA-da uzmanlıq təhsilini bitirib. O, ixtisas sahəsi üzrə bir çox yerli və xarici konfranslarda iştirak edib.
A.Əhmədov Avropa Otorinolarinqologiya Cəmiyyətinin, Türkiyə Rinologiya Dərnəyinin və Türkiyə Qulaq, Burun, Boğaz, və Baş Boyun Cərrahiyyəsi Dərnəyinin üzvüdür.
Hazırda Lor Hospitalda çalışır.
- Xoruldamağın səbəbləri nələrdir?
-Xoruldama sosial bir şikayətdir. Çox yorğun olan, yaxud da siqaret və alkoqollu içkilər qəbul edən insanlarda belə bir hal yarana bilər. Bu, fizioloji xoruldama sayılır və xəstəlik əlaməti kimi qəbul edilmir. Lakin xoruldama gecə nəfəs dayanmaları ilə yaranırsa, bu zaman həkimə müraciət etmək tövsiyə olunur. Çünki bu cür xoruldama obstruktiv yuxu apnoe sindromunun əlamətidir.
-Bu sindrom haqqında oxucularımıza məlumat verərdiniz.
-Ümumiyyətlə, yetkin insanlarda yuxu pozulmalarına səbəb ola biləcək 100-ə yaxın xəstəlik növü var. Onlardan ən sıx rast gəldiyimiz obstruktiv yuxu apnoe sindromudur. Yuxuda tənəffüsün zəifləməsi hipotoniya adlanır. Əgər bu müddət bir gecəlik yuxuda 5 dəfədən çox baş verirsə, bu zaman artıq xəstəlikdən bəhs etmiş oluruq. Bu xəstəlik obstruktiv yuxu apnoe sindromu adlanır.
-Nə üçün məhz yatanda xoruldayırlar?
-İnsanlar gecə yatdıqları zaman üst tənəffüs yolunun əzələlərində gərginlik azalması baş verir. Nəticədə üst tənəffüs yolu normal vəziyyətə nisbətən daralır. Bu zaman düz hava axını pozularaq yumşaq toxumalarda titrəyişə səbəb olur. Biz yaranan akustik tezliyi səs enerjisi kimi edirik. Yəni bizim xorultu kimi dinlədiyimiz səs əslində yumşaq toxumaların yaratdığı səs dalğasıdır.
-Xorultudan daha çox insanın yanında yatan şəxs şikayət edir. Bəs xəstənin özünə də bir zərəri varmı?
- Xoruldama qadın və uşaqlarda rast gəlinsə də, daha çox kişilərdə yaranır. Adətən, bizə müraciət edən kişi xəstələr həyat yoldaşları ilə gəlir və xanımları xorultudan ciddi narahat olduqlarını bildirirlər. Onu da bir daha qeyd edim ki, xoruldama özlüyündə bir xəstəlik deyil, obstruktiv yuxu apnoe sindromunun əlamətidir.
-Bu xəstəlik müalicə olunmazsa, hansı fəsadlara yol aça bilər?
-Xoruldama xəstəliyin sadəcə ən çox görünən tərəfidir. Bu sindromdan əziyyət çəkən insanlarda gecə yuxu zamanı nəfəs dayanmaları, gün ərzində yorğunluq, yuxululuq, baş ağrıları, diqqət dağınıqlığı, cinsi istəksizlik, yaddaş pozulmaları kimi hallar da baş verir. Eləcə də gecə yuxu pozulmaları və bədənin oksigensiz qalmasına bağlı olaraq ürək-damar problemləri, təzyiqin yüksəlməsi də müşahidə olunur. Bizi ən çox narahat edən məqam isə bu xəstələrin avtomobil idarə etməsidir. Çünki sükan arxasında yuxuya getmə halları avtoqəzalara və ölümə səbəb ola bilər. ABŞ-da aparılan araşdırmaya əsasən, baş verən yol qəzalarının 1/3 hissəsini məhz bu xəstələr törədir.
-Niyə xoruldayan insanlar ağızları açıq halda yatır?
-Obstruktiv yuxu apnoe sindromu ilə müraciət edən xəstələrin üst tənəffüs yolunun üç nahiyəsində problem müşahidə olunur. Bunlar burun, yumşaq damaq və dil köküdür. Adətən, burun və yumşaq damaqda darlıq olduğu zaman pasiyent ağzını açaraq yuxarı tənəffüs yolunu baypas etməyə, havanı ağızdan qəbul eləməyə çalışır.
-Xoruldamaya qarşı plastırlar satışda var.Tövsiyə edirsinizmi?
-Satışda olan vasitələrdən istifadə edilə bilər. Amma bunlar qismən və müvəqqəti təsir edəcək. Çox vaxt xəstələrin əksəriyyətində effekt vermir.
- Xoruldamanın müalicəsi haqqında oxucularımıza məlumat verərdiniz.
-Bu sindrom tibbə təxminən son 45 ildə məlumdur. Yəni nisbətən yeni xəstəlik sayılır. Lakin son 20 ildə həkimlər effektiv müalicəsi ilə məşğul olur. Xoruldamanın müalicəsini üç qrupa ayırmaq olar: konservativ müalicə, “CPAP” müalicəsi və cərrahi müdaxilə.
Xoruldama daha çox artıq çəkili və orta yaşlı kişilərdə rast gəlinir. Biz konservativ müalicə zamanı çəki atmağı və yanüstə yatmağı məsləhət görürük. Çünki belə yatanda tənəffüs yolu daralmamış, qapanmamış olur. Nəticədə xəstə ya xoruldamır, ya da az xoruldayır. Həmçinin bir sıra oral aparatlar da var. Ağıza qoyulur və çənəni önə çəkir. Bunların da effektivliyi limitlidir. Artıq dərman müalicəsi də ciddi nəticə vermədiyindən istifadə olunmur. “CPAP” müalicəsində isə xəstənin üst tənəffüs yoluna xüsusi aparat və maska vasitəsilə təzyiqli hava verilir. Bu müalicə 100 faizə yaxın effekt versə də, pasiyentlər üçün tam rahat deyil. Həm illərlə hər gecə bu aparatdan istifadə etməli olurlar. Həm də səhər oyananda üzlərində maskanın izləri qalır.
-Bəs xoruldamanın ən effektiv müalicə üsulu nədir?
-Cərrahi müdaxilədir. Həm effektiv, həm də qalıcıdır. Hazırda dünyanın inkişaf etmiş tibb mərkəzlərində bu xəstəliyin ən effektiv müalicə yolu kimi cərrahi müdaxilə seçilir. Effektivlik 90 faizin üzərində olur. Cərrahi müalicə ilə xoruldamadan birdəfəlik tamam xilas olmaq mümkündür.
-Cərrahi müalicə necə aparılır?
-Xoruldamanın qarşısını almaq üçün üç nahiyəyə cərrahi müdaxilə olunur. Əgər burun və yumşaq damaqda darlıq müşahidə olunursa, yaxud da dil kökündə problem varsa, cərrahi müdaxilə ilə aradan qaldırırıq.
Qeyd: Uzm. Dr. Asif Əhmədov bütün qulaq, burun, boğaz və baş boyun əməliyyatlarını peşəkarlıqla icra edən yüksək ixtisaslı mütəxəssisdir. Maraqlananlar həkimlə (051) 367-36-73 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Həmçinin https://www.facebook.com/drasifahmadov feysbuk, eyniadlı “drasifahmadov” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar.






