Yadınızdadırsa, bir dəfə varlılar məhləsində yaşadığımız haqda yazmışdım. Bayram günlərinin biz tərəflərdə necə sönük keçməsindən bəhs eləyən həmin məqalədə varlı adamlarla qonşu olmağın pis-ənənələrə zidd tərəfini qeyd eləmişdim. Onda Novruz bayramıydı.
İndi isə yeni il gəldi. Təsəvvür edin, televizyalar yeni il şənliyi keçirir, virtual aləmdə bayram ab-havası var, qohum-əqrəba, dost-tanış zəng edib səni təbrik edir. Və sən bu bayramı hiss etmək üçün eşiyə çıxırsan, görürsən ki, hər darvazanın təpəsində projektor kimi gecə lampası, altında da 3-4 təhlükəsizlik kamerası olan yekə-yekə evlər sükut içərisindədi. Küçədə bir ins-cins yoxdu. Hiss edirsən ki, yeni il qədəm qoyanda da beləcə sükut olacaq. Sənsə şənlənmək, əylənmək istəyirsən. Bir məhlədə yeni ilin gəlməsi necə hiss oluna bilər? Fişənglər atılmalı, böyüklərin səsi balacaların hay-həşirinin, sevincinin içərisində əriməlidi. Bir neçə dəfə həyətə çıxdım, gördüm bayaq işıq gələn evlərin çoxu zülmətə qərq oldu. Hələ saat 11 də deyildi heç...
Yolkamızı bəzəmişdik, kasıbın olanından, süfrəmizi açmışdıq. Qalmışdı təzə ili qarşılamağımız. Pulun toplumdan alıb özgələşdirdiyi bu adamların əhatəsindən qopub getdik yaxınlıqdakı qohumumuzgilə. Onların qonşuları sadə adamlardı. Hamı küçədə idi. Bir canlanma vardı, elə bil ki, şəhərin mərkəzindəydin. İl daxil olanda fişənglər atıldı, hamı bir-birini təbrik etdi. Bir sözlə, təzə ilin gəlməsini əməlli-başlı hiss etdik.
Gecə qayıtdıq öz evimizə. Elə bil bizim məhlə hələ köhnə ildə qalmışdı. Hər yer yeni ilin gəlişini qarşılayırdı, bizim qonşulardan başqa.
Xoş anları öz içinə qapanmaqla yox, ətrafdakılarla paylaşmaqla yaşamaq lazımdı. Biz bunu bacardıq!
Yeni iliniz mübarək!
Son xəbərlər
Son Xəbərlər