Xoşbəxt adamlar

xosbext-adamlar
Oxunma sayı: 1757


Dənizi axtarırdıq. Masmavi dəryanı... Dincəlmək, əsəblərimizi sakitləşdirmək, qayğıdan-problemdən müvəqqəti də olsa, ayrılmaq üçün. Neçə səmtə getdiksə, uca-uca hasarlar kəsdi qarşımızı. Dənizlə aramıza hasardan sədd çəkmişdilər. Neyləyəcəkdilər xalqın dənizini?..

Kiçik nemətlərdən doyanlar daha böyüklərə, irilərə göz dikirlər. Zeynəb Xanlarova Xəzərin hasarlanması haqda danışandan sonra görməmişdim oraları. Bu cür işğal ediləcəyini ağlıma belə gətirə bilməzdim.

Bu, arzudumu? İllah, arzu ediblərmi ki, dənizi hasarlasınlar, haçansa dənizləri olsun? Bilmirəm. Bəlkə də fürsəti fövtə verməyiblər.

Bəzən elə mənasız arzular olur ki, onları “qızıl balıq”dan diləməyə belə xəcalət çəkərsən.

Çexov, “Firəng üzümü” hekayəsində insanın öz mənasız arzuları üçün bir ömrü xərcləməsindən danışır. İvan İvanıç, qardaşı Nikolay İvanıçın çay və ya göl kənarında özünə balaca bir malikanə almaq istəyini nəql edir. Nikolay İvanıç bu arzular üçün ömrünü şam kimi əridir. İstəyir ki malikanəsi olsun, bağında da firəng üzümü. Bu arzuları gerçəkləşəndə Nikolay artıq qocalır...

Qardaşı İvan onun malikanəsinə gedəndə aşpaz qadın masaya bir boşqab firəng üzümü gətirir. Üzümlər bazardan alınmamışdı və bağda kollar basdırıldıqdan sonra ilk dəfə dərilmiş məhsul idi. Nikolay İvanıç gülür və sevincdən gözləri yaşarmış halda boşqabdakı üzümlərə baxır. Həyəcandan danışa bilmir. Qardaşı bu mənzərəni belə nəql edir: “Sonra meyvədən birini ağzına atıb sevdiyi oyuncağı nəhayət, əlinə alan uşaq kimi sevinərək mənə baxıb dedi: “Gör, necə dadlıdır!” O, acgözlüklə firəng üzümündən yeyir və hey təkrar edirdi: “Gör necə dadlıdır! Bir dadına bax!” Firəng üzümü bərk və turş idi, lakin Puşkin demişkən, həqiqət qaranlıqları bizim üçün təntənəli yalandan əzizdir... Mən qarşımda müqəddəs arzusu belə açıqca yerinə yetirilmiş, həyatda arzuladığı məqsədə çatmış, istədiklərini əldə etmiş, öz taleyindən, özündən razı, xoşbəxt bir adam gördüm. İnsan xoşbəxtliyi haqqındakı düşüncələrimə həmişə nədənsə kədərli bir şey qarışırdı, indi isə xoşbəxt bir adamı gördükdə məni ümidsizliyə yaxın bir hiss bürüdü. Xüsusən gecə özümü çox pis hiss etdim. Mənim üçün qardaşımın yataq otağının yanındakı otaqda yer saldılar. Mən onun yatmadığını, yatağından durub içərisində firəng üzümü olan boşqaba yaxınlaşdığını, meyvələrdən bir-bir götürdüyünü eşidirdim. Düşündüm ki, həqiqətən, gör həyatından razı qalan xoşbəxt adamlar nə qədər çoxdur!..”

Həqiətən, gör həyatından razı qalan xoşbəxt adamlar nə qədər çoxdur!..