Xoşbəxt BOMJ

xosbext-bomj
Oxunma sayı: 2483


Yanından ötüb-keçənlər ona qəribə nəzərlərlə baxır, ondan çəkinir, iyrənirdi. O isə öz aləmindəydi. Vecinə deyildi kimsə. Cındırı ilə cin hürküdən başıbəlalı BOMJun əzab-əziyyəti yerə qar düşəndə daha da artırdı. Sığındığı küncdə balaca ocaq qalayır, yerə sərdiyi kartonların üstündə oturub əllərini ovuşdura-ovuşdura qızınırdı. Dəli deyildi. Dilənmirdi. Ürəkli bir adam lazımdı, ona yaxınlaşıb həyatını yazsın. Heç kimi yaxın buraxmırdı amma. Tərki-dünya olmuşdu. Bir dəfə ona bir dönər alan məhəllə uşağına “mən çox xoşbəxtəm” demişdi...

Və günlərin birində “xoşbəxt BOMJ” deyilən o adam öldü. Don vurmuşdu...

Heç kim bilmədi o, niyə özünə xoşbəxt deyirdi. Buddanın oğlu Siddhartha kimi çöllərə düşmüşdü bəlkə. Həqiqətmi axtarırdı, ya özünümü? Siddhartha samanalara qoşulandan sonra xoşbəxtliyinə qovuşmuşdu axı. Dilənçi görkəmli, dünyadan heç bir təmənnası olmayan Siddhartha da bu halı ilə xoşbəxt olduğunu deyirdi... Ya bəlkə Knulp olmuşdu. Yaxud Julian...

Gözümüzün qabağında yox oldu o boyda adam. Xoşbəxtliyi ölümə apardı onu. Yaranacaq hansısa romanın əsas qəhrəmanı ola bilərdi. Oyada bilərdi insanların ürəyindəki mərhəmət hissini.

Kəmalə kimi bir qadın çıxa bilərdi qarşısına. Siddhartha kimi dəyişə bilərdi həyatı...

Olmadı.

Kimsəni yaxın buraxmadı.

Xoşbəxtlik dediyini paylaşmadı kimsə ilə. Bəlkə də əslində bədbəxt olduğunu anladacaqdılar ona.

Məşhur bir deyim var: “Sevinc paylaşıldıqca çoxalır, kədər paylaşıldıqca azalır.” Bunu tez-tez xatırlamaq lazımdı. Xoşbəxtlik anlayışının masştabı genişdi. Xoşbəxtiksə bu, tək özümüzə aid olmamalıdı. Üzümüzdəki təbəssüm, baxışlarımız, görkəmimiz, dinc əsəblərimiz, rəvan həyatımız da göstərməlidi bunu.

BOMJ xoşbəxtliyi faciədir əslində. Zəmanənin, ölkənin, cəmiyyətin faciəsi...