Belə bir deyim var ki, təsadüflər zərurətdən doğur. Yəni, təsadüfən hansısa hadisə baş vermir və baş verən hər bir olay müəyyən prosesin və ya proseslərin məntiqi nəticəsi olaraq meydana gəlir. Düşünürəm ki, xüsusilə də hazırkı informasiya təlatümlərinin mövcud olduğu bir zamanda, baş vermiş hansısa bir hadisənin cəmiyyətdən gizlədildiyi fonunun yaradılması, o fonu yaradanların və ya hansısa dairələrin maraqlarına uyğun bir məqamda rezonans doğuracaq bir şəkildə gündəmə gətirməyə cəhd edilməsi təxribatdan başqa bir şey deyildir.
Hamımıza məlumdur ki, hazırda demək olar, bütün dünyanı deaktiv olmağa məcbur edən, insanlığı passiv hala gətirərək təbiətin verdiyi və insanın özünün yaratdığı nemətlərdən bəhrələnməyə həsrət qoyan gözəgörünməz və acımasız düşmən olan pandemiya ilə gərgin mübarizə hələ ki, səngimədən davam edir. Kosmosdan və digər planetlərdən yer kürəsinə uçan boşqablarda və digər sehrli vasitələrdə hücumların baş verməsi ilə bağlı fantaziyalar quran insanlıq, ilk dəfə həqiqətən də özü və mənbəyi hələ ki, məlum olmayan vahid düşmənə qarşı mübarizə aparmaqdadır. Ölkəmiz də təbii ki, dünyanın bir parçası olduğuna görə bu mübarizənin də iştirakçısıdır və hətta deyərdim ki, məlum nəticələrə görə iştirakçıların ən uğurlularından biridir. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, bu gün ölkəmiz həm də iki cəbhədə gərgin mübarizə aparır.
Digər cəbhədə gedən mübarizədə qarşı tərəf bir şəbəkə formasında uzun müddət gözəgörünməz qalmağı bacarsa da, artıq ifşa olunmaları qaçılmaz olub. Çünki ölkədə aparılan genişmiqyaslı siyasi innovativ tədbirlər və hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar bu ifşa prosesini zərurətə çevirməklə yanaşı, həm də sürətləndirdi. Təsəvvür edin ki, taxıl sahəsində gizlənmiş siçovulların ömrü kombaynın həmin sahəni biçib qurtarması anına qədərdir və sünbüllərin biçimi prosesi bitdikdən sonra, onlar ya biçin maşınının altında qalıb məhv olacaq, ya da, həmin ərazini tərk edib qaçmağa cəhd edəcəklər. Hətta qaçmağı bacaranlar belə, uzun müddət heç bir əziyyət çəkmədən müftə şəkildə hazır məhsulu yeməyə öyrəncəli olduqlarından, onların fərqli bir vəziyyətə alışmaları mümkünsüz olacaq. Tarixdən də bizə məlumdur ki, istənilən dövlətdə ölkəmiqyaslı islahatlar prosesinin aparılması, bir çox neqativ təmayüllü zümrələrin maraqlarına zidd olduğundan bu prosesə ciddi müqavimət cəhdləri də baş verib. Bu cür cəhdlərin əksəriyyəti uğursuzluqla başa çatsa da, çox təəssüflə də olsa qeyd edim ki, “uğurlu” olanları da olmuşdur. Lakin, bu bir aksioma şəklində tam təsdiq olunmuşdur ki, xalq və cəmiyyət tərəfindən dəstəklənən istənilən məntiqi proses, o cümlədən də genişmiqyaslı islahatlar dalğası mütləq olaraq uğur qazanmalıdır. Bu gün ölkəmizdə aparılan və cəmiyyətimizin də açıq şəkildə müntəzəm olaraq məlumatlandırıldığı məlum proseslər təbii ki, xaricdə olduğu kimi, güclü təsirə malik olan bir çox ölkədaxili quvvələri də ciddi təşvişə salmaqdadır. Bu səbəbdən, əsasən də sapı özümüzdən olan həmin quvvələr tərəfindən, dövlətimizin atdığı addımlara mane olmaq, gedən prosesləri əngəlləmək istiqamətində istənilən təxribat xarakterli cəhdlər gözləniləndir.
Bu cür addımlardan biri də, bu günlərdə Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” körpülərinin tikintisinin aparılması ilə bağlı informasiyanın fərqli şəkildə cəmiyyətə sızdırılması oldu. Təsadüf nəticəsində ən kiçik bir hadisənin belə baş verə bilmədiyi və havadakı oksigendən çox informasiyanın mövcud olduğu bir dönəmdə, bu cür məlumatın 2016-cı ildən gizlədilməsinin mümkünlüyünü və hazırkı məqamda ortaya çıxarılaraq rezonans doğuracaq şəkildə ictimailəşdirilməsinin təsadüf olduğunu düşünmək ən azından çox böyük siyasi sadəlövhlükdür. Düşünürəm ki, məlum körpü məsələsi ilə bağlı prosesin hansı şəkildə baş verməsindən asılı olmayaraq, həmin hadisəni zamanında cəmiyyətdən gizli saxlanılması fonunun yaradılmasına nail olmuş eyni qüvvə, bu gün də ölkədə şəbəkələşmiş korrupsiya torunun yırtılması prosesinin qarşısını almaq üçün həmin məlumatı eksklüziv olaraq, məhz indi tirajladı. Ancaq əminliklə vurğulamaq lazımdır ki, bütün bu cür təxribatçı addımlar çox əbəsdir və tam şəkildə nəticəsiz qalacaqdır. Azərbaycan xalqı, Azərbaycan insanı yenilik və islahat istəyir. Xalqın istəyi dövlətin yürütdüyü siyasətlə uzlaşarsa, bu uzlaşmadan doğan təbii prosesin qarşısını heç bir xarici və daxili quvvə ala bilməz. Ona görə də, indiki həssas məqamda, hər bir azərbaycanlının mənəvi borcudur ki, bu proseslə bağlı, dövlətin və dövlət başçısının yanında olsun. Xarici ölkələrdə xırda bir dəyişikliyi şişirdərək tirajlayan xaricdə yaşayan azərbaycanlılar, hazırda ölkəmizdə gedən prosesləri olduğu kimi tirajlamalı, dövlətə deyil, siyasi hakimiyyətə müxalif olan qüvvələr isə, bu dönəmdə özlərinin siyasi ambisiyalarından müvəqqəti də olsa əl çəkməli, ölkədə yaşayan ən sadə vətəndaş da, öz imkanları çərçivəsində ictimai nəzarət prosesinin daha da gücləndirilməsinə səbəb olmaqla yanaşı, atılan addımları ciddi cəhdlə dəstəkləməkdə davam etməli, ölkənin məmur təbəqəsi də, aparılan bu təmizləmə işlərində dövlət siyasətinə sadiq qalmaqla və rəhbərlik etdikləri qurumda onlara göstərilmiş etimadı ciddi şəkildə zədələyən əhəmiyyətli pozuntuların aşakarlanması məqamında istefa vermək mədəniyyətinə əməl etməklə öz töhfələrini verməlidirlər.
Siyasi şərhçi Xəyal Bəşirov