Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun Bakının Zığ-Aeroport şossesində sürət yarışına çıxdığını əks etdirən videokadrların virtualaz.org və haqqın.az saytlarında yayılmasından sonra deputat bu xəbərə mətbuatda qəzəbli reaksiya verib.
Elton Məmmədov bu məlumatı “yalan, böhtan və şantaj” adlandıraraq deyib ki, onun oğlunun heç bu nömrədə belə maşını yoxdur. Söhbət 10 LZ 100 dövlət nömrə nişanlı “Porsche “ markalı avtomobildən gedir. Deputat iddia edib ki, onun oğlunun adını hallandıranlar “gözü götürməyənlərdir” və məqsəd Azərbaycan gəncliyini “qaralamaqdır”. E.Məmmədov daha sonra jurnalistləri həmin nömrə nişanlı avtomobilin kimə məxsus olduğunu DYP-də araşdırmağa da çağırıb.
Qeyd edək ki, virtualaz.org saytı 2012-ci ilin mayında çəkilmiş həmin videokadrları oxuculara təqdim etməzdən əvvəl avtomobillərin kimə məxsus olduğunu DYP-dəki mənbələrdən araşdırmışdı və kartoteka məlumatlarına əsasən avtomobilin məhz deputatın övladlarından birinə məxsus olduğu dəqiqləşmişdi.
Deputat Elton Məmmədovun bu qəzəbli açıqlamasından sonra haqqın.az və virtualaz.org saytlarının təsisçisi, jurnalist Eynulla Fətullayev yenidən məsələni araşdırıb. Eynulla Fətullayev bildirib ki, o, öz mənbələri vasitəsilə bir daha DYP-nin kartotekasında Bakı küçələrində sürət yarışına çıxan avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib. “DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı “Porsche”nin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E.Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz”,-deyə E.Fətullayev bildirib.
***
Avtosfer.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki, 10-LZ-100 və 10-LR-100 nömrə nişanlı avtomobillər həqiqətən də Aynar Məmmədova məxsusdur. Bu maşınlar hətta iki il bundan əvvəl Aynar Məmmədovun əmisi oğlu, yəni, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toyundakı kortejdə də görünüb. Hətta 10-LR-100 nömrəli maşın həmin toyda bəy-gəlin maşını olub. Həmin videonu təqdim edirik. Baxıb nəticə çıxarmağa dəyər. Əgər doğrudan da bu maşın Aynar Məmmədova məxsus deyilsə, o zaman əmisi oğlu Anar Məmmədovundur. Çünki toy karvanında bu maşını Anar Məmmədov idarə edib. Hər halda, bu məsələni DYP və onun yollardakı kamera görüntüləri daha dəqiq araşdıra bilər.
Son xəbərlər
Son Xəbərlər