“Qafqazinfo”nun məlumatına görə, Yadigar Sadıqovun hüquqlarını müdafiə edən ictimai komitənin sədri Elman Fəttah “Media forum” saytına deyib ki, vəkil Adil İsmayılov məhkəməyə vəsatət təqdim edib: “Hakim ekspertin dindirilməsinə razılaşdı, yeni ekspertin təyin edilməsi məsələsi isə hazırkı ekspertin dindiriləcəyi vaxta qədər açıq saxlandı”.
Yadigar Sadıqov ötən il iyunun 27-də tutulub, bu il yanvarın 13-də 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmü Lənkəran Rayon Məhkəməsi çıxarıb. Müsavat başqanının müşaviri ötən il iyunun 25-də Lənkəranda şəhər sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə təqsirli bilinib.
Elman Fəttahın sözlərinə görə, zərərçəkmiş şəxsin xəsarəti ilə bağlı ekspertiza qəsdən uzadılıb, bu isə prosessual pozuntudur: “İyulun 1-dəki məhkəmə prosesində Yadigar Sadıqov dedi ki, ekspertizanın uzadılmasına səbəb istintaq tərəfinin və Penitensiar Xidmətin yüksək rütbəli zabitinin ondan hakimiyyəti tərifləyən açıqlama umması olub. Bunun əvəzində Yadigara cinayət işinin ləğv ediləcəyi bildirilib. Yadigar Sadıqovun fikrini öyrənmək üçün ekspertizanı uzadıblar. Təklifdən imtina etməsindən sonra ekspert rəyi cinayət işinə əlavə olunub, Yadigara az ağır bədən xəsarət yetirmə ittihamı da verilib”.
Hakim İsmayıl Əhmədovun sədrlik etdiyi məhkəmə prosesi iyulun 22-də davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər