“Qafqazinfo”nun toplantıda iştirak edən əməkdaşı xəbər verir ki, Yadigar Sadıqovun vəkili Xalid Bağırov onun cinayət işi törətmədiyini deyib: “Hazırda Yadigar bəyin ona verilmiş hökm üzrə iddia olunan cinayət işi törətmədiyi qətidir. Bu cinayətin ümumiyyətlə baş vermədiyi həm istintaq, həm də məhkəmə araşdırması zamanı hamıya aydın olub. Bütün bunlara baxmayaraq məhkəmə rejimin siyasi sifarişinə əsasən törədilməyən cinayət üzrə Yadigar Sadıqova 6 il hökm oxuyub”.
Toplantıda məlumat verilib ki, Yadigar Sadıqovun vicdan məhbusu elan olunması ilə bağlı iş aparılır. Müzakirələr zamanı onun azadlığına nail olmaq üçün beynəlxalq insan haqları təşkilatları, Avropa Şurası və ayrı-ayrı Avropa ölkələri deputatları ilə iş aparılması qərara alınıb. Əlavə olaraq razılaşdırılıb ki, Yadigar Sadıqovun azadlığı üçün etiraz aksiyaları, fləşmoblar keçirilsin. Komitə Yadigar Sadıqovun azadlığa nail olması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyini bəyan edib.
Komitə Yerli hüquq müdafiəçiləri və Beynəlxalq İnsan Haqqları təşkilatına müraciət edib. Müraciətdə deyilir: “Hörmətli insan haqları müdafiəçiləri! Yadigar Sadıqovun hüquqlarını müdafiə komitəsi olaraq sizləri şərlənərək həbs edilmiş Yadigar Sadıqovun müdafiəsinə qoşulmağa və onun azadlığına nail olmaq üçün daha fəal iş aparmağa çağırır, görüşlərinizdə və hesabatlarınızda Yadigar Sadıqovun azad edilməsi məsələsini xüsusi diqqətdə saxlamağınızı xahiş edirik”.
Qeyd edək ki, Yadigar Sadıqov ötən il iyunun 27-də tutulub. 2014-cü il yanvarın 13-də Lənkəran Şəhər Məhkəməsi onu 6 il müddətinə azadlıqdan məhrum edib. O, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətməkdə təqsirli bilinib.
Son xəbərlər
Son Xəbərlər