Yalançı “press”li maşınlar

yalanci-pressli-masinlar
Oxunma sayı: 1692


Hər sahədə olduğu kimi jurnalistikada da bazar vəziyyətləri, söhbətləri olur. İş o yerə çatıb ki, hərdən həqiqi jurnalistlər də özlərini təqdim etməyə xəcalət çəkirlər. “Jurnalistəm” deyəndə, belə ətrafdan “bilikli, ictimailəşmiş insan” profilini yaratmamaqdan çəkinirsən. Çünki adına jurnalist deyib bu vəzifədən başqa bütün işlərlə məşğul olanların sayı gündən-günə çoxalır.

Əhmədli metrosu tərəfdə bir kafe var. Kafenin yaxınlığından keçəndə yolboyu həmin kafedən “hit” mahnıların səsi gəlir. Özü də kafe gecə saatlarına qədər ətrafı öz repertuarı ilə feyziyab edir. Belə mahnıların sədaları altında yemək yeyib keflənən kişilərsə ləzzət alırlar.Mahnılar da nə mahnılar. Sözlərinə qulaq asmaq belə istəmirsən, səy göstərib qulaq assan bir kilo arıqlayarsan. Bu çəkiitirməni hər kəsə şamil etmirəm. Bu yerdə zövq məsələsi ortaya girir.

Sözüm nə həmin kafenin səsini başına atmasına, nə də oranın bütün müştərilərinə deyil. Əsas məsələ həmin kafenin həyətində dayanan “press”li maşınlardır. Başqa sözlə, maşının arxa və ya qarşı şüşəsinə yapışdırılan “press” kəlməsidir. Maşınlar da elə belə maşınlar deyil. Fikirləşirsən ki, maşın yiyəsi hansısa qəzət əməkdaşı olmalıdı, amma heç də deyil. Yəni, açıqca ortada məqalə, reportaj hazırlayan biri yoxdur. Çünki maraqlansan öyrənərsən ki, həmin maşın sahibinin mətbuat işçisi olmamağı o tərəfə qalsın, ümumiyyətlə qəzet, kitabla arası olmayan birisidir. Bu son illərin bir dəbidirmi, bir hoqqabazlığıdırmı, deyə bilmərəm. Kifayət qədər belə maşınlara rast gəlmək olar. Amma belə maşınlar barədə hələ ki, ölçü götürülmür. Hər yerindən duran “press” sözünü yazdırıb maşınına yapışdırır. Güya ətrafda özü haqqında yüksək fikir , xof yaratdığını düşünür. Fikirləşir ki, yol polisi də, sadə adamlar da bütün hallarda “yol sənindir” deyəcəklər. Dindirsən, adı məlum olmayan bir qəzetin əməkdaşı olduğunu deyəcəklər. Əsl mətbuat nümayəndələri isə çox halda adsız, gizli gəzirlər. Çünki belə bəyanetmələrə ehtiyac yoxdur.

Bu yaxında həmin kafeyə yaxın dayanacağında avtobus gözləyirdim. Həmin “press” li maşın sahibindən biri kafedən çıxıb şalvarını çəkə-çəkə avtomobili tərəfə getdi. Özü də gəlib neyləsə yaxşıdı. Bərkgedən, bahalı maşınına mindi, sükan arxasında əyləşib hamının gözü qarşısında corablarını geyindi.

Hər belə “press”li maşın görəndə o dəqiqə yadıma münaqişə ocaqlarında öz xidməti borcunu yerinə yetirən jurnalistlər düşür. Əynində “press”li jileti ilə ora-bura qaçan jurnalistlər. Hər il onlarla jurnalist həlak olur. Həmin “press”li jileti ilə. Güllə boranda, ekstrimal vəziyyətdə çalışan belə jurnalistlərlə özünü müqayisə edənlər niyə utanmırlar? “Press” sözünü əlində bayraq edənlər, saxta sənədlə gəzənlər özlərini nə sanırlar? Jurnalistika kimi şərəfli işə oyuncaq kimi baxanlar “press” kəlməsini tələffüz etməyi belə doğru-düzgün bacarmırlar. Press-i “pires”, “pyres” kimi səsləndirənlər arada bu kəlmənin mənası ilə maraqlansalar yaxşı olardı.

Ey cənablar, bu kəlmə bədən əzələlərini bərkidən-press sözü kimi sadə deyil. İcazə verin, əsl press əhli hörmətində qalsın.