“Yalvarıb kapitulyasiya aktına imza atırlar, sonra da bizi öldürmək üçün mina basdırırlar” - Elnur Allahverdiyev

“Yalvarıb kapitulyasiya aktına imza atırlar, sonra da bizi öldürmək üçün mina basdırırlar”
Oxunma sayı: 1916

Avqustun 26-da Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsindən sonra burada ermənilər tərəfindən basdırılmış yüzlərlə mina aşkarlanıb və zərərsizləşdirilib. Sentyabrın 12-13-də baş vermiş hərbi gərginliyin səbəblərindən biri də erməni diversantların Azərbaycanın nəzarətində olan əraziləri minalamaq cəhdidir. Milli Məclisin deputatı Elnur Allahverdiyev hesab edir ki, bu kimi faktlar Ermənistanın sülh istəmədiyini və revanş haqqında düşündüyünü göstərir.

“Aşkarlanan minaların hamısı 2021-ci ilin istehsalıdır. Cənab Prezident Laçında qeyd etdi, tək bu rayonda 1400-dən çox mina aşkarlanıb. Yəni onlar bunu 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından sonra ediblər. Özü də bu minalar tək Laçında və Ermənistanla sərhəd ərazilərdə deyil, digər bölgələrdə də tapılıb. Biz onsuz da Ermənistan rəhbərliyinin səmimi olduğunu düşünmürdük, iki ildir ki, bəyanatın tələblərini yerinə yetirməkdən boyun qaçırır, sülh müqaviləsini imzalamaq istəmir, sərhədlərin delimitasiyası və demarkasiyasını hər vəchlə ləngidirlər. Ancaq minalanma faktları belə qənaətə gəlməyə əsas verir ki, Ermənistan bu problemin hərbi mərhələsinin bitmədiyi düşüncəsindədir” – deyə E.Allahverdiyev bildirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan çoxsaylı sübutlar və faktlarla çıxış edir, ancaq təəssüf ki, dünyada bu reallığı görməzdən gələn dövlətlər var: “Məsələn, ABŞ Konqresinin spikeri, 82 yaşlı Nensi Pelosi Yerevana gəlib saxta genosidə həsr olunmuş kompleksdə özünü sıxıb süni göz yaşlarını axıdır, ancaq təmsil etdiyi dövlət müharibə bitdikdən sonra 240 nəfərdən çox Azərbaycan vətəndaşının ermənilərin basdırdığı minalardan zərər çəkdiyi faktını görməzdən gəlir. ABŞ-ın Azərbaycandakı səfirliyi azad olunmuş torpaqlarımıza getmək istəmir, ancaq Ermənistandakı səfirlik 12-13 sentyabr döyüşləri zamanı diplomatik hay-həşir qaldırmışdı”.

E.Allahverdiyevin fikrincə, az öncə ABŞ-ın minatəmizləmə işlərinə ayırdığı 2 milyon dolların təqdim edilməsində də qüsur və riyakarlıq var idi. “2 milyonu ayırırlar, ancaq demirlər kimin ərazisindəki minaların təmizlənməsi üçün. Yazırlar qarşıdurma olan bölgə. Hansı qarşıdurma? Nədən baş vermiş qarşıdurma? Bu minalar nə vaxt və kimlər tərəfindən burada basdırılıb, kimləri qətlə yetirmək üçün?” – deyə deputat soruşur. Millət vəkili əmindir ki, müvəqqəti olaraq Rusiya sühməramlılarının məsuliyyət bölgəsində olan ərazilərdə də oxşar vəziyyət hökm sürür, ermənilər buraları da minalayıblar. “Ordumuz hansı ərazini nəzarətə götürür, eyni reallığın şahidi oluruq. İstər Fərrux yüksəkliyində, istər Laçın, Sus və Zabuxun azad edilməsi ərəfəsində nəzarətə götürdüyümüz yüksəkliklər və ərazilərdə. Hər yer minalanıb. Bu ərazilər son 27-28 ildə təmas xətti olmayıb ki, o vaxtdan minalandığını düşünək. Son iki ildə ediblər. Yalvarıb kapitulyasiya aktına imza atırlar, sonra da bizi öldürmək üçün mina basdırırlar. Erməni teleqram kanallarından biri hətta yazmışdı ki, hazırda yeganə müttəfiqimiz minalardır. Sabah haranı azad edəcəyiksə, orada da mina aşkarlayacağıq” – deyə E.Allahverdiyev bildirib.

Milli Məclisin deputatının sözlərinə görə, bütün bunlar Azərbaycan ordusunun həyata keçirdiyi qisas və məcburetmə əməliyyatlarının vacibliyini və reallığın diqtəsi olduğunu göstərir: “Ordumuzun əməliyyatlarını gözdən salmaq istəyən, xəyanət dolu bəyanatlarla çıxış edən, özlərini müxalifət hesab edən psevdosiyasətçilər, blogerlər, “hüquq müdafiəsi” aşiqləri görürlərmi bütün bunları? Sabah azərbaycanlıları qətlə yetirəcək minaları basdıran həmin o erməni terrorçularına qarşı aparılan əməliyyatlar niyə onları narahat edir? Onların Nensi Pelosidən fərqləri nədir? Niyə Fransadakı səfirliyimizə xain hücumu, Fransanın, ABŞ-ın aşkarcasına Ermənistanı müdafiə etməsini pisləmirlər? Çünki onar da daxilimizdəki minalardır. Canlı mina”.