Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı - Video

yangin-tehlukesi-yaradan-obyektin-fealiyyeti-dayandirildi
Oxunma sayı: 1352

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

"Qafqazinfo" xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində sakinlərin müraciəti əsasında vətəndaş Rəcəbov Tofiq Zəbulla oğluna məxsus spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektdə növbədənkənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

- obyekt ilkin yanğınsöndürmə vasitələri və ildırımötürücü ilə təmin olunmayıb;
- ərazidə quraşdırılan çənlər yanğına qarşı xüsusi izolyasiyaedici materialla təmin edilməyib;
- çənlər fərdi yaşayış evləri ilə ara məsafəsi gözlənilmədən quraşdırılıb;
- ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilib, Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində yerləşən spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Həmçinin, obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.