Yanukoviçə qarşı yeni ittihamlar irəli sürüldü

yanukovice-qarsi-yeni-ittihamlar-ireli-suruldu
Oxunma sayı: 1170

Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçə qarşı yeni ittiham irəli sürülüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Yanukoviç mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik etməkdə günahlandırılır.

İstintaq belə hesab edir ki, sözügedən cinayətkar dəstənin tərkibinə Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin və Silahlı Qüvvələrin keçmiş məmurları daxil olub. Həmin şəxslər 2014-cü il fevralın 18-dən 20-nə qədər Kiyevin mərkəzində kütləvi etiraz aksiyaları zamanı ağır cinayətlər törətməkdə şübhəli bilinirlər.

İstintaq belə güman edir ki, təqsirli bilinən şəxslərin fəaliyyətləri Kiyevin mərkəz hissəsində mitinq iştirakçıları arasında kütləvi qurbanların olmasına, həmçinin 67 nəfərin ölümünə səbəb olub. 

“Keçmiş Prezidentin bu cür fəalliyətləri səbəbindən ümumilikdə 887 mülki vətəndaş və hüquq-mühafizə orqanlarının 132 əməkdaşı xəsarət alıb”, - deyə Ukraynanın Baş Prokurorluğunun yaydığı məlumatda qeyd olunub. 

Bununla yanaşı, Viktor Yanukoviçə qarşı digər bir ittiham da irəli sürülüb. Keçmiş Prezident 2014-cü il fevralın 18-də Azadlıq meydanından Ali Radanın binasına qədər keçirilən aksiya zamanı iştirakçılara qarşı terror aktının təşkil edilməsində təqsirli bilinir. Bu zaman aksiya iştirakçıları 2004-cü ilin Konstitusiyasının qaytarılmasını tələb edirdi.

“Terror aktı nəticəsində 4 nəfər ölüb, 10 nəfərin isə öldürülməsinə cəhd olub”, - deyə Baş prokurorluq qeyd edib.

Qeyd edək ki, Yanukoviç 2014-cü ildə ölkəni tərk etdikdə hüquq-mühafizə orqanları ona qarşı bir neçə cinayət işi başladıb. 2019-cu il yanvarın 24-ü Kiyevin Obolonski Rayon Məhkəməsi Yanukoviçi dövlətə xəyanətdə təqsirli bilib və onun barədə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Keçmiş Prezidentin vəkili sözügedən hökmə etiraz edir.