“Qasid” mətbuat yayımı firmasının rəhbəri, YAP-çı deputat Mirkazım Kazımov “Media forum” saytının suallarını cavablandırıb. “Qafqazinfo” müsahibənin maraqlı olduğunu nəzərə alaraq onu təqdim edir:
- Xeyli vaxtdır qəzetlər “Qasid”ə satış üçün verdikləri nüsxələrin pulunu vaxtlı-vaxtında ala bilməməkdən gileylidir. Firma niyə belə çətin vəziyyətə düşüb?
- Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Bakıda abadlıq işləri aparılır, firmaya aid köşklərin xeyli hissəsi götürülüb. Müəyyən maliyyə problemlərimiz olduğu üçün köşkləri şəhərimizin müasir görkəminə uyğun formaya sala bilmədik. Bu səbəbdən yeni yaranan “Əks-səda” firması ilə rəqabət apara bilməyib uduzduq. Yeni köşklər qoyulduğu üçün bizə maraq azalıb, firma çətin və acınacaqlı vəziyyətdədir.
- Yay mövsümündə işlər lap çətin olacaq yəqin...
- Yayda qəzet satışı həmişə 30-40 faiz aşağı düşür. Bəzi xırdavat əşyaların satışı ilə bu vəziyyətdən çıxa bilirik. Sentyabr ayından isə vəziyyətimiz düzəlir.
- Bakıda firmanın neçə köşkü qalıb?
- 100-dən də az. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti daha 3 köşkümüzün götürülməsi üçün göstəriş verib. Böyük bir firma olduğumuz üçün xərclərimiz də çoxdur. Əgər əməkdaşların maaşını ödəyə bilməsək, məcburiyyət qarşısında qalıb bağlana bilərik. Çalışırıq bu vəziyyətə düşməyək.
- Vəziyyətdən hansı çıxış yolları var?
- Düşdüyümüz vəziyyətdən çıxmaq üçün köşklərdə müəyyən xırdavat əşyalar satılır. Az da olsa gəlir əldə edirik.
- Əməkdaşların maaşını vaxtında ödəyə bilirsinizmi?
- Hələ ki, ödəyə bilirik.
- Firmanın neçə qəzetə borcu var?
- “Azadlıq”a, “Xalq qəzeti”nə, “Azərbaycan”a, “İki sahil”ə, “Səs”ə və bir çox başqa qəzetə borcumuz var. Qəzetlərə olan borcumuzu mütəmadi olaraq ödəyirik. Yalnız “Azadlıq” qəzeti ilə bağlı bəzi problemlərimiz var idi. Bu yaxınlarda qəzetə olan borcumuzun müəyyən bir qismini üzdük.
Son xəbərlər
Son Xəbərlər