YAP-çı deputat şəhid ailələri ilə görüşüb - Fotolar

yap-ci-deputat-sehid-aileleri-ile-gorusub
Oxunma sayı: 1640

Vətən müharibəsinin ildönümü münasibətilə 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailələri ilə görüş keçirib. Xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilən görüşdə Vətən müharibəsi şəhidlərinin ailələri, rayonun ağsaqqalları və ziyalıları, ictimai fəallar iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Anar Məmmədov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə goranboylu və naftalanlı gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb, Vətən Müharibəsinin ildönümü münasibətilə belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. 

Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının ölkə Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan millət vəkili Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirib. Goranboy rayonunda Heydər Əliyev Fondu tərəfindən şəhid adının əbədiləşdirilməsi məqsədilə uşaq bağçasının tikilib istifadəyə verilməsi də bunun bariz nümunəsidir.  

Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.