YAP-çı gənclərdən Xocalı ilə bağlı - - Film

yap-ci-genclerden-xocali-ile-bagli-
Oxunma sayı: 1096


 “Qafqazinfo” ya daxil olan məlumata görə, Xocalı sakini, hazırda Goranboy royonunun qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciyində məskunlaşan Gəncə Dövlət Üniversitetinin II kurs tələbəsi Şəmsi Həsənli çıxış edərək bildirib ki, 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı bu yolla “ram etməyə” çalışıb. Lakin hiyləgər və məkrli düşmən bu yolla istəyinə nail ola bilmədi, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Bu gün xocalılar ölkəmizin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birimizin məqsədi, arzusu doğma torpaqlarımıza, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqlarımızı azad etməkdir. Yaxın vaxtlarda arzumuzun çin olacağına əminik.

O, gəncləri ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızın erməni işğalından azad olunması naminə sıx birliyə, həmrəyliyə, sosial şəbəkələrdə fəallıqlarını daha da genişləndirməyə çağırıb.

Sonda Xocalı faciələrini əks etdirən “Dolu” filmi nümayiş etdirilib.

Qeyd edək ki, Gənclər Birliyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı Soyqırımının 22-ci ildönümünə həsr olunmuş və ermənilərin qanlı terror aktının nəticələrindən bəhs edən sosialçarx hazırlayıb. “Xocalı 1 km” adlanan bu filmin rejissoru və montajçısı Rəhman Fürqətoğludur. Film Gənclər Birliyinin könüllülərinin təşəbbüsü ilə təşkil olunub.

Həmin gün YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurası Xocalı Soyqırımı ilə bağlı dəyirmi masa təşkil edib.  YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb. Sonda Xocalı Soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.

Fevralın 25-də AzMİ Gəncə filialında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, rektor əvəzi Razim Məmmədov, Tələbə-Gənclər Təşkilatlarının sədrləri, müəllimlər və fəal gənclər iştirak ediblər. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə filialın tələbəsi Rəminə Əlizadə Xocalıya həsr edilmiş şeiri ilə çıxış edib. Sonra isə kiçik səhnəciklərlə Xocalı faciəsi tədbir iştirakçılarına təqdim olunub. Tədbir çərçivəsində videoçarx nümayiş olunub və filialın tələbəsi Sübhi İlyasov ingilis dilində Xocalı faciəsi ilə bağlı çıxış edib. 

 Azərbaycan Texnologiya Universitetində də Xocalı qurbanlarının əziz xatirəsi yad edilib. Öncə professor, müəllim və tələbə kollektivi universitetin həyətində ərazi bütövlüyümüz uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə kompleksin önünə gül-çiçək dəstələri qoyublar. Tədbirdə universitetin rektoru, professor Akif Süleymanov, müəllimlər və tələbələr iştirak ediblər.  Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov soyqırımla bağlı çıxış edərək, Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi surətdə məhv edilməsi məqsədi ilə həyata keçirildiyini deyib. Tədbirdə universitetin tələbələri Türkan Əliyeva, Kənan Quliyev, Aytəkin Allahyarova, Vüsal Hüseynli, Turanə Həsənova çıxış ediblər.