YAP-çıların bildiyi “sirr”

yap-cilarin-bildiyi-sirr
Oxunma sayı: 1783


Yeni klinika açan tanışım reklam üçün mənə müraciət edəndə, ona belə dedim: “Bundan asan nə var? Narahat olma, ürəyin hansı verilişi istəsə, orda sənin klinikanı reklam edərik”.

Kişinin üzü güldü: “Allah səndən razı olsun. Bu işi iki-üç günə həll etsən, bir qonaqlıq mənim boynuma”.

Əvvəl mənə bir köynək yaxın olan ATV-nin reklam şöbəsinə müraciət etdim. Məlum oldu ki, reytinqli verilişlərin hamısının sponsorlarla uzunmüddətli müqaviləsi var. Reklam şöbəsinin əməkdaşı inadkar partokratlar kimi iki ayağını bir başmağa dirəyib durdu: “Altı aydan tez mümkün deyil”.

Tanışıma söz verdiyim üçün digər televiziyalara müraciət etmək məcburiyyətində qaldım. Təklif olunan verilişlərə üç-beş arvaddan başqa kimsə baxmadığı üçün razılığa gələ bilmədik. Prosesə təmənnasız qoşulan bir həmkarım üç gün sonra dedi ki, tanışımın klinikası “Space” televiziyasında bir verilişin sponsoru ola bilər. Tez-tələsik verilişin adını soruşdum. Dedilər ki, hələ məlum deyil. Sən demə, həmin veriliş gələn ay efirə çıxacağı üçün yaradıcı kollektiv ad məsələsində razılığa gələ bilməyib...

Bu təklifə qeyri-ciddi yanaşdığımı görən həmkarım əlavə izahat vermək məcburiyyətində qaldı: “Verilişin beş sponsoru olacaq. Artıq dörd şirkətlə müqavilə imzalanıb. Bir az geciksəniz, bu şans da əldən çıxacaq”.

Qiymətlərlə maraqlananda məlum oldu ki, gündə bir dəfə 30 saniyəlik reklam üçün ayda 4 min manat ödəmək lazımdır. Bu məbləğin tanışımın büdcəsinə uyğun olmadığını deyəndə, həmkarım əl-ayağa düşdü: “Pulları yoxdursa, bankdan kredit götürsünlər. Televiziyada reklamları gedəndən sonra həmin pulun beş qatını qazanacaqlar”.

Könülsüz cavab verdim: “Qazanacaqlarını hardan bilirsən? Bəlkə onların klinikasına gedən olmayacaq”.

Oğlan narazı halda başını buladı: “Müəllim, mən bu işin içindəyəm. Bilmədiyim sözü danışmaram. Televiziyalarda reklamı gedən klinikalarda xəstə əlindən tərpənmək olmur. Əhalinin 80-90 faizi xəstədir. Televiziyada hansı klinikanın reklamını görürlərsə, borc-xərc edib ora gedirlər. Klinika var ki, ortabab bir verilişdə reklam olunmaq üçün televiziyaya ayda 15-20 min manat ödəyir”.

Ürəyimdə ona haqq qazandırdım. Həqiqətən də son vaxtlar Bakıda açılan klinikaların sayı-hesabı yoxdur. Tanınmış klinikaların qarşısında həmişə tıxac olur. İmkanlı adamların Avropa ölkələrində, kasıbların isə qonşu İranda müalicə olunduğunu nəzərə alanda ortaya qorxunc mənzərə çıxır. Bəlkə də cavan həmkarım düz deyir: əhalinin 80-90 faizi xəstədir...

İnsanların kütləvi xəstəliklərə yoluxmasının müxtəlif səbəbləri var. Ağır həyat tərzi, stress, yaxşı qidalana bilməmək əhalinin ömrünə balta çalır. İmkanlı adamları var-dövlətini, sərvətini itirmək qorxusu, kasıbları isə ucuz və keyfiyyətsiz ərzaq, geni dəyişdirilmiş məhsullar xəstə edir. Müxtəlif təbəqələrin nümayəndələri ilə yoldaşlıq etsəm də, hələ qarşıma canı ağrımayan bircə nəfər də çıxmayıb.

YAP-çılar hər fürsətdə Azərbaycan xalqının xoşbəxt yaşadığını deyirlər. Heç cür anlaya bilmirəm ki, xəstə adam necə xoşbəxt ola bilər? Gərək Siyavuş Novruzovu görəndə ondan xahiş edim ki, bu işin “sirr”ini mənə də başa salsın...