YAP-dan ABŞ-a sərt cavab- - "Bu absurddur"

yap-dan-abs-a-sert-cavab-
Oxunma sayı: 1432


YAP-çı millət vəkili Aydın Mirzəzadə “Qafqazinfo” ya açıqlamasında Kristofer Robinsonun  belə bəyanat verməsinin səbəbinin onun üçün aydın olmadığını bildirib: 

“Nəzərə alsaq ki, ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki demokratik inkişafı yüksək qiymətləndirib.  Yəni bu gün Azərbaycan özünün dövlət quruculuğunu, vətəndaş cəmiyyətinin fəaliyyətini demokratik dəyərlərə uyğun qurur. Vətəndaşların hüquq və azadlıqları qorunur, Azərbaycanda açıq cəmiyyət, azad sahibkarlıq prinsipi mövcuddur. Azərbaycanın bu gün yeganə problemi qonşu Ermənistanın torpaqlarımızın bir hissəsini işğal etməsidir.  Bu baxımdan Azərbaycanı region üçün təhlükə hesab etmək absurddur.  Vətəndaşların hüquq və azadlıqlarına verdiyi qiymət isə bu şəxsin Azərbaycandakı vəziyyətdən bixəbər olduğunu göstərir.  Azərbaycanda müxalif qəzetlər var, vətəndaşlar ölkəni sərbəst şəkildə tərk edə bilirlər.  Hesab edirəm ki,  ABŞ-ın ATƏT-dəki müşavirinin verdiyi bəyanat birincisi, onun səlahiyyətinə aid deyil. İkincisi isə, o Azərbaycandakı vəziyyəti ya bilmir, ya da ki bilərəkdən təhrif edir”. 

Millət vəkili vurğulayıb ki,  ABŞ səfiri Riçard Morninqstar sonradan mətbuata verdiyi açıqlamada özünü Azərbaycanın dostu saydığını və burdakı inkişafı gördüyünü bildirmişdi: “Azərbaycan tərəfi isə səfirin verdiyi bəyanatı ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirmişdi. Bununla da insident aradan qaldırıldı. Bu gün isə Azərbaycanda olmayan bir şəxs fikir bildirməyə çalışır. Bir qayda olaraq bu ölkə ilə yaxından tanış olan səlahiyyətli şəxslər bəyanat verirlər. Digər tərəfdən isə nə səbəbdən  ABŞ-ın ATƏT-lə münasibətlərinə cavabdeh olan şəxsin Azərbaycanla bağlı fikir bildirməsi qaranlıq qalır. Kimlərin ölkə haqqında fikir bildirməsindən asılı olmayaraq Azərbaycan demokratik cəmiyyət quruculuğunu inkişaf etdirmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini davam etdirir”.

Günel