“YAP-dan heç kəs ora gedə bilməz”

yap-dan-hec-kes-ora-gede-bilmez
Oxunma sayı: 1336


 
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az –a açıqlamasında Rəsul Quliyevə bağlı olduğu deyilən Gələcək Azərbaycan Partiyasının (GAP) YAP-dan istefaların olacağı və bu partiyaya keçəcəkləri haqqında iddialarına münasibət bildirərkən deyib.

S. Novruzov bildirib ki, bunlar tamamilə əsassız iddialardır. Onun sözlərinə görə, Rəsul Quliyev gündə bir partiya yaradır: “Gah bu partiyadan o partiyaya keçir, gah ondan o birinə. Heç bir partiyası da Azərbaycanda uğur qazana bilməyibdir. Əksinə, ya onun özünü sədrlikdən uzaqlaşdırıblar, ya da partiyanın özü dağılıb. Hələ bir partiya qursun, ondan sonra YAP-dan kimlərinsə istefa verib ora gedəcəyini haqqında danışsın”.

YAP rəsmisi qeyd edib ki, onların partiyasından heç kəs istefa verməyəcək: “YAP-dan heç kəs ora gedə bilməz. Çünki perspektivi olan yerə gedərlər, perspektivi olmayan yerə heç kəs getməz. Onların da perspektivi bitib”. 
 
Qeyd edək ki, GAP-ın Təşkilat Komitəsinin sədri, R. Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu iddia edib ki, hakim Yeni Azərbaycan Partiyasından GAP-a keçənlərin sayı kifayət qədər olacaq. “Qarşıdakı aylarda şahidi olacaqsınız ki, YAP-dan sürətlə istefalar olacaq və istefa verənlər GAP-a gələcək”-deyə o bildirib.