Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına belə deyib. Siyavuş Novruzovun fikrincə, müraciət müəlliflərinin məqsədi Rusiyanın diqqətini Azərbaycana cəlb etməkdir: “Rusiya-Ukrayna münaqişəsi yeni başlayan dövrdə Müsavat Partiyasından bir qrup Krıma gedirdi. Guya Krım tatarlarını müdafiə edəcəkdilər. Halbuki həmin vaxt Krım tatarları ilə bağlı məsələ aktual deyildi, gündəmdə başqa mövzular vardı. Təbii ki, onlar Krımda heç bir iş görə bilməyəcəkdilər. Sadəcə olaraq Rusiyanın, rus mətbuatının, Vladimir Jirinovski kimi adamların diqqətini Azərbaycana yönəltmək üçün belə addımlar atırlar. Krıma getməyə cəhd göstərmək də Rusiyaya dəstavüz verməkdən ibarət idi. Bu gün də “rus təhlükəsi” adı altında bəyanat hazırlayıb imzalamaqla yenidən Rusiyanın diqqətini Azərbaycana cəlb etməyə var qüvvələri ilə cəhd göstərirlər.
Bəyəm dövlətin təhlükəsizlik orqanları yoxdur? Bu məsələləri araşdırmır? Təhlükəsizlik Şurası, dövlətin başqa strukturları, hakim partiya, siyasi analitiklər və digər təşkilatlar da bu məsələləri araşdırır. Onlar nəyi nə zaman və necə etməyi gözəl bilirlər. Müraciət imzalayanların məqsədi isə şou göstərmək və Rusiyanın diqqətini Azərbaycana cəlb etməkdir”.
YAP icra katibinin müavini bildirib ki, müraciəti imzalayanlar şəxsi maraqlarını həyata keçirməyə çalışırlar: “Onların məqsədi Azərbaycanın müstəqilliyini qorumaq, ölkəyə dəstək vermək deyil, şəxsi maraqlarını reallaşdırmaqdır. Azərbaycanda vətəndaş həmrəyliyi, birliyi var, insanlar bir-biri ilə həmrəydir və dövlətin ətrafında birləşiblər. Bir-iki partiya sədri cəmiyyətdən kənarda qalıb, çünki cəmiyyət onları qəbul etmir. Cəmiyyət onları bu cür əməllərinə görə təcrid edib. Ona görə də özlərinə həmrəylik axtarırlar. Həmrəy olmaq istəyirlərsə, gəlib cəmiyyətlə birləşsinlər”.
Siyavuş Novruzov hesab edir ki, Azərbaycanda təslimçilik əhval-ruhiyyəsinin yayılması və Rusiyaya meylliliyin güclənməsi haqda deyilənlərin əsası yoxdur. O qeyd edib ki, müstəqil Azərbaycanda yaşayan insanlar, hər bir vətəndaş, xüsusən də gənclər dövlət müstəqilliyinin qədrini bilir, bunun nəyin bahasına başa gəldiyini bilir, müstəqillik yolunda nə qədər əzab-əziyyət çəkildiyini anlayır: “Əhalinin 90 faizindən artığı öz müstəqilliyini sevir, qoruyur, buna inanır və prezidentin ətrafında sıx birləşib”.
Aprelin 28-də Azərbaycanın bir qrup siyasi partiya, vətəndaş cəmiyyəti nümayəndəsi və ziyalısı Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirib. Rusiya təhlükəsinə həsr olunmuş toplantıda Azərbaycan xalqına müraciət qəbul olunub.
Müraciətdə deyilir: “Rus təhlükəsi” real geosiyasi hadisədir. Putin və onun Gömrük-Avrasiya İttifaqı formasında həyata keçirilən Rusiya ekspansionizmi beynəlxalq təhlükəsizlik və ilk növbədə SSRİ məkanında yaranmış müstəqil dövlətlər, o cümlədən Azərbaycan Respublikasının müstəqilliyi və demokratik inkişafı üçün təhdiddir.
Azərbaycana hərbi müdaxilə, federallaşma, Qarabağ problemi və analoji xarakterli digər problemlərin yaradılacağı ilə hədələmə yalnız şantaj olmayıb rus ekspansionizmi və müstəmləkəçi revanşın uğur qazanacağı halda dövlətçiliyimizin məhv edilməsini şərtləndirən perspektivdir. Azərbaycanın bu şantajlara boyun əyib Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulması onu təhlükələrdən xilas etmir, əksinə, təhlükələri daha da dərinləşdirir. Gömrük-Avrasiya İttifaqı Qarabağın və federallaşma adı altında digər ərazilərimizin itirilməsi, Azərbaycanın türk-islam dünyasından təcrid edilməsi, çağdaş sivilizasiyalı mədəniyyətlər səviyyəsinə çatma, demokratikləşmə perspektivinin birdəfəlik və ya uzun müddətə ləngidilməsidir”.
Müraciətdə qeyd olunur ki, rus təhlükəsi Azərbaycandakı daxili ictimai-siyasi situasiyadan irəli gələn vəziyyətlə ağırlaşır. Müəlliflər vurğulayırlar ki, ənənəvi sovet nostaljisi ölkədə aparıcı tendensiyaya çevrilmə potensialına malik olmasa da, Azərbaycandakı mövcud rejim və onun yeritdiyi siyasi kurs cəmiyyətdə məyusluq doğurur, müstəqil dövlətçilik şüurunu zədələyir və xarici təhlükələr qarşısında müqavimət gücünü zəiflədir.
Müraciət 7 bəndlik çağırışla bitir. Müəlliflər yaranmış situasiyada təslimçi əhval-ruhiyyə daşıyıcılarına qarşı açıq və prinsipial hüquqi savaş aparılmasını istəyirlər. Onların fikrincə, milli konsolidasiya – milli barışıq və daxili siyasi qarşıdurmaların bütün sahələrdə yumşaldılmasını tələb edir, bunun üçün böyük siyasi amnistiya elan edilməli, bütün siyasi dustaqlar dərhal azadlığa buraxılmalıdır.
Ziyalılar, siyasi partiya və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda demokratik islahatlara, azad, ədalətli seçkilər keçirməyə çağırırlar.