Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında belə deyib. Uzun müddət Bakı Metropoliteninin rəisi işləmiş Tağı Əhmədov bu il fevralın 27-də vəzifəsini itirib. Fevralın 27-də prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqda sərəncam imzalayıb və Zaur Hüseynovu bu cəmiyyətin sədri təyin edib.
Siyavuş Novruzov bildirib ki, Tağı Əhmədov YAP-da da vəzifə tutur, partiyanın Yasamal rayon təşkilatının sədr müavinidir: “Partiyanın bütün tədbirlərində fəal iştirak edir. Öz sahəsində fəhləlikdən rəisliyə kimi yüksəlib, buna zəhməti və işgüzarlığı ilə nail olub”.
Son zamanlar metrodakı vəziyyətdən narazılığın artmasına gəlincə, Siyavuş Novruzov deyib: “Dünyanın istənilən ölkəsində nəqliyyatın müxtəlif növlərindən həm razı, həm də narazı olan insanlar var. Bu məsələyə hər kəs bir formada yanaşır”.
Tağı Əhmədovun vəzifədən çıxarılması üçün ciddi əsasların olub-olmadığına gəlincə, YAP icra katibinin müavini deyib ki, bu, prezidentin səlahiyyətinə aid məsələdir: “Hər bir məsələ araşdırılandan sonra qərarlar qəbul edilir”.
Son xəbərlər
Son Xəbərlər