YAP Gənclər Birliyi tərəfindən həyata keçirilən “Viki Klub” layihəsinin təlimləri başa çatıb

yap-gencler-birliyi-terefinden-heyata-kecirilen-viki-klub-layihesinin-telimleri-basa-catib
Oxunma sayı: 1564

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Vikipediya açıq ensiklopediyada Azərbaycan həqiqətlərinin təbliği" mövzusunda görüş keçirib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün formatı və əhəmiyyəti barədə məlumat verib. O, Vikipediya açıq ensiklopediyasında Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərin uzun illərdən bəri davam edən informasiya mübarizəmizdə böyük rol oynadığını qeyd edib. YAP Gənclər Birliyinin də bu istiqamətdə fəaliyyətini genişləndirdiyini diqqətə çatdıran Bəxtiyar İslamov yeni formalaşdırılmış klub vasitəsilə partiyanın fəal gənclərinin Vikipediya elektron ensiklopediyasında ölkəmizlə bağlı mövcud məlumatları mütəmadi şəkildə təkmilləşdirdiklərini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində Qələbəsindən xeyli vaxt keçsə də, informasiya müharibəsinin davam etdiyini və bu müharibədə gəncliyimizin müstəsna yeri olduğunu vurğulayıb.

YAP Gənclər Birliyinin “Qorqud” Vikipediya Metodik Klubunun tərəfdaşlığı ilə həyata keçirdiyi “Viki Klub” layihəsinin strateji əhəmiyyətindən danışan E.Allahverdiyev YAP-da təmsil olunan gənclərin böyük potensialı olduğunu, gələcəkdə də bu istiqamətdə yeni uğurlar əldə edəcəklərinə inandığını diqqətə çatdırıb. Deputat 2020-ci ildən sonra regionda yaranan yeni reallıqların və Azərbaycan həqiqətlərinin təbliğində Vikipediya resursundan geniş istifadə edildiyini diqqətə çatdırıb. E.Allahverdiyev bu prosesin sürətlənməsi və daha böyük nəticələr əldə edilməsi üçün gənclərimizin xarici dil biliklərini genişləndirməyinin önəmini vurğulayıb. İl ərzində təkcə azərbaycandilli açıq ensiklopediyaya 350 milyondan çox giriş olduğunu vurğulayan deputat ölkəmizlə bağlı məlumatların digər dillərə tərcümə edilərək vikipediyada yerləşdirilməsi ilə həmin rəqəmi 3-5 dəfə və daha çox artırmağın mümkünlüyünü bildirib.

Görüşün sonunda Milli Məclisin deputatı tədbir iştirakçılarının suallarını da cavablandırıb.

Sonra “Viki Klub” layihəsi çərçivəsində həyata keçirilmiş təlimləri uğurla başa vurmuş gənclərə diplom və sertifikatlar təqdim edilib.