- Son vaxtlar mətbuatda tez-tez görünürsünüz, müxtəlif məsələlərə münasibət bildirirsiniz. Belə fəallaşmağınızın səbəbi maraqlıdır…
- Mətbuatda daha əvvəl də bu və ya başqa mövzularda fikirlərimi bölüşürdüm. Sizin müşahidə etdiyiniz bu fəallaşma da təbii ki səbəbsiz olmadı. Xatırlayırıq ki, Avropa Oyunları ərəfəsində beynəlxalq səviyyədə Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başlanıldı və ölkə hər tərəfdən yerli-yersiz hücumlara məruz qaldı. Bu kampaniyanın hansı dairələr tərəfindən hazırlandığı və həyata keçirilməsi haqda üzə çıxan məlumatlar Azərbaycanın hədəfə götürlməsinin gerçək səbəbləri barəsində təəssürat yaradırdı. Açıq görünürdü ki, bu təzyiqlərin arxasında dayananlar Azərbaycanı öz planlarında rol almağa məcbur etməyə çalışırlar. Yəni bu niyyətlərini nə qədər demokratiya və digər dəyərlərlə ört-basdır etməyə çalışsalar da, əsl məqsədləri Azərbaycanı öz iradələrinə tabe etdirmək idi. Belə bir vəziyyətdə baş verənlərə ictimai formada münasibət bildirmək zərurətini qəbul etdim və siz deyən kimi, mətbuatdakı çıxışlarım intensivləşdi. Amma əlbəttə ki, mövqe bildirdiyim məsələlər artıq ortadan qalxmış təzyiq kampaniyası ilə məhdudlaşmırdı. Ölkədə baş verən bütün mühüm hadisələrə münasibətimi bildirməyə çalışıram.
- Artıq Avropa Oyunları geridə qalıb və qarşıdan parlament seçkiləri gəlir. Ölkədəki seçkiqabağı şəraiti necə qiymətləndirmək olar?
– Sualınızı cavablandırmağa çətinlik yaradan əsas səbəb budur ki, seçkilərə təqribən üç ay qalsa da, ölkədə seçkilərin yaxınlaşdığını göstərən adekvat atmosfer yoxdur. Həm də bu susqunluq 1995-ci il seçkilərindən sonra müşahidə olunan yəqin ki, ən zəif prosesdir. Konkret desək, ölkədə, siyasi partiyaların fəaliyyətində seçkilərə hədəflənmiş ardıcıl fəaliyyət görmürük. Müxalifət daxilində cəmi yeni bir – “Azadlıq-2015” seçki bloku yaradılıb və onun da fəaliyyəti hələ ki toplantılarla çərçivələnir. “Qarabağ” bloku haqqında dab u fikirləri deyə bilərik. Bu bloklardan kənarda olan digər partiyaların gündəliyində seçki məsələsi deyəsən, hələ yoxdur. Belə bir şəraitdə hakim Yeni Azərbaycan Partiyası maksimum arxayınlıqla öz seçki syasətini həyata keçirir. Seçkiqabağı vəziyyət bundan ibarətdir. Təsəvvür edin, susqunluq elə bir səviyyədədir ki, hakimiyyət nümayəndələrinin, yaxud da YAP təmsilçilərindən kiminsə bir açıqlaması gündəmi bütünlüklə tutur və müzakirələrin yönünü müəyyənləşdirir. Ölkənin ümumi vəziyyəti haqqında danışdıqda, sözsüz ki, prezident İlham Əliyevin mətbuatın yüz qırx illiyi münasibətilə media rəhbərləri ilə görüşdə səsləndirdiyi fikirlərə də toxunmaq lazım gəlir. Fikirmcə, prezident bütün sahələrdə mövcud olan vəziyyətlə bağlı kifayət qədər açıq və qəti danışdı. Onun çıxışındakı ən mühüm məqamlardan biri də siyasi islahatların vacibliyini qeyd etməsidir. Hər halda, dövlət başçısının açıq çəkildə ifadə etdiyi bu məsələ aktualdır və yəqin ki onun həyata keçirilməsi istiqmətində işlər görüləcək.
- Özünüzün parlament seçkilərində iştirak etmək niyyətiniz var?
- Seçkiqabağı şəraitin passivliyi ümumilikdə qəbuledilən olmasa da, artıq bir müddətdir ki, parlament seçkilərinə qatılmaq, özümü bu mübarizədə sınamaq qərarına gəlmişəm. Ölkənin ali qanunvericilik orqanında təmsilçilik hüququ əldə etmək üçün seçkilərdə namizədliyimi irəli sürmək və uğur qazanmaq fikrindəyəm.
- Onda yəqin namizədliyinizi irəli sürəcəyiniz dairəni də artıq müəyyənləşdirmisiniz…
- Bəli, namizədliyimi 52 saylı Quba şəhər dairəsindən irəli sürəcəyimi qətiləşdirmişəm.
- Nəyə görə məhz bu dairəni seçmisiniz?
- Seçkilərə Quba rayonundan qatılmaq istəyim səbəbsiz deyil. Mənim əslim-köküm Qubalıdıq və mən də bu rayonda doğulub-böyümüşəm. Mənim babam Əlabbas Məhərrəmov – mən onun adını daşıyıram – Qubanın tanınmış stomatoloqlarından olub. Atam Kamran müəllim 2011-ci ildə dünyasını dəyişənə qədər neçə il Quba Uşaq Müsiqi və İncəsənət Məktəbinin direktoru işləyib. Quba qəbristanlığında mənim atam, babam, atamın babası, babamın babası uyuyurlar. Rayonda qohum-əqrəba, yaxın dost-tanışlar kifayət qədər çoxdur. Qeyri-təvazökarlıq olmasın, bizim nəsil Qubada yetirncə böyük və seçilən nəsildir. Belə məqamların seçkidə ciddi rol oynayacağını nəzərə alıb, namizədliyimi öz rayonumuzdan irəli sürməyi qərara aldım.
- Amma hazırda həmin dairəni Vahid Əhmədov kimi güclü rəqib təmsil edir və o da yəqin ki, namizədliyini irəli sürəcək. Bu rəqabət sizi çəkindirmir?
- Öncə qeyd edim ki, Vahid müəllimə böyük hörmətim var və o, millət vəkili kimi normal fəaliyyət göstərir. Amma 52 saylı dairədə ondan başqa da güclü namizədlərin olacağı istisna edilmir. Məsələn, YAP-ın həmin dairədən namizədinin kim olacağı da hələ bilinmir. Yəni rəqabət şübhəsiz ki, böyük olacaq. Amma bu məni çəkindirmir. Vahid müəllimin uğurlu fəaliyyətinə baxmayaraq, mən də Quba əhalisinin Milli Məclisdə təmsilçisi olmaq, onlar üçün fəaliyyət göstərmək iddiasındayam. Qeyd edim ki, mən seçkilərə bitərəf namizəd qismində qatılacağam. Bunu sözgəlişi demirəm. Quba ilə əlaqəm, gediş-gəlişim intensiv olduğu üçün rayonun ictimai-siyasi həyatına yaxından bələdəm, istər hakimiyyətyönlü, istərsə də müxalifətdə olan siyasi partiyaların Quba təşkilatlarının fəalları ilə münasibətim var. Hesab edirəm ki, Qubadakı müxalifətçilər mənim namiəzdliyimin əleyhinə olmayacaqlar. Eyni zamanda, YAP nümayəndələri ilə əlaqələrim, münasibətim çox normaldır. Bu baxımdan, mən seçkilərdə hakim partiyanın dəstəklədiyi namizəd də ola bilərəm. Hər halda, qarşıdakı müddətdə bu məsələdə bir müəyyənlik yaranacaq.