“YAP-ın fəaliyyəti Nərimanov rayonundan başladı” - Əli Həsənov

yap-in-fealiyyeti-nerimanov-rayonundan-basladi
Oxunma sayı: 1251

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının X konfransı keçirilib. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov, YAP Siyasi Şurasının üzvü, rayon icra başçısı Abdin Fərzəliyev, millət vəkilləri, YAP rayon təşkilatı, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclər tədbirdə iştirak edib.  

Rayon təşkilatının sədri, Təmraz Tağıyev gündəliyə uyğun olaraq IX konfransdan ötən dövr ərzində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

O deyib ki, ötən dövr ərzində YAP Nərimanov rayon təşkilatının tərkibinin daha da genişlənərək, üzvlərinin sayının 21 mini ötüb. 

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirib ki, ümumilikdə, Yeni Azərbaycan Partiyasının fəaliyyəti Nərimanov rayonundan başlayıb və sonra digər rayonlara yayılıb: “Yeni Azərbaycan Partiyası 1992-ci ildə Azərbaycan Respublikasının mövcud vəziyyətindən, zərurətindən yarandı. O zaman partiya yaradılarkən heç kim düşünmürdü ki, partiya kimisə hakimiyyətə gətirmək istəyir. Ümummilli lider partiyaya sədrlik etməyə başlayanda düşünmürdü ki, o, Yeni Azərbaycan Partiyasının sədri kimi hakimiyyətə gələcək. O zaman ümummilli lider belə bir fikir irəli sürmüşdü ki, "mən bütün Azərbaycan xalqını, bütün Azərbaycan ziyalılarını mövcud hakimiyyətin ətrafında birləşməyə çağırıram və hər bir Azərbaycan vətəndaşı, hər bir ziyalı kimin hansı mövqe tutmasından asılı olmayaraq, bu dövlətin qorunması, yaşadılması, möhkəmləndirilməsinə öz dəstəyini verməlidir, dövlətin yükünün bir hissəsini öz çiyinlərinə almalıdır". Amma sonrakı proseslər göstərdi ki, hətta Azərbaycan xalqına, ziyalılarına öz çiyinlərini o zaman sürətlə iflasa gedən dövlətin problemlərinin altına verməyə belə imkan vermədilər”.

YAP Siyasi Şurasının üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev YAP-nın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş, böyük tarixi hadisə kimi dəyərləndirib.

Rəsmi çıxışlardan sonra təşkilati işlərə baxılıb, rayon təşkilatının sədri, sədr müavinləri, idarə heyəti və şura üzvləri seçilib. Təmraz Tağıyev yenidən YAP rayon Təşkilatının sədri seçilib.