“YAP-ın müstəqil namizəd kimi məni dəstəkləməsinə real baxıram”

yap-in-musteqil-namized-kimi-meni-desteklemesine-real-baxiram
Oxunma sayı: 5524

Siyasi şərhçi Əlabbas Məhərrəmov deputat seçkiləri ilə bağlı fikirlərini bölüşüb. 

“Qafqazinfo” həmin müsahibəni təqdim edir: 

- Ölkədə uzun müddətdir aktual olan Milli Məclisin buraxılmasına dair ehtimallar artıq doğrulub və sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Bu, sizin üçün gözlənilməz olmadı?

- Yox. Qeyd etdiyiniz kimi, bu məsələ xeyli vaxtdır gündəmdə idi və mətbuatda, sosial şəbəkələrdə davamlı müzakirə olunurdu. Növbədənkənar seçkilərin təyin olunmasını şərtləndirən səbəblərə gəldikdə, bu haqda ən müxtəlif versiyalar irəli sürmək mümkündür. Lakin mən 1 sentyabr seçkiləri ilə əlaqədar rəsmi şəxslərin və hakim Yeni Azərbaycan Partiyasının açıqladığı səbəblərə etimadla yanaşıram. Doğrudan da, ötən ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatından sonra Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa edib, vaxtilə doğma yurdlarından çıxmaq məcburiyyətində qalmış həmvətənlərimiz artıq planlı surətdə işğaldan azad olunmuş ərazilərə qaytarılmaqdadır. Həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bunlar çox müsbət işlər olmaqla bərabər, həm də ölkədə yeni şəraitin yaranması anlamına gəlir. Bu şərait isə yeni yanaşma tələb edir. Ona görə də Milli Məclisə növbədənkənar seçkilərin təyin olunmasına qanunauyğunluq kimi baxmaq lazımdır.

- Parlament seçkilərində iki dəfə iştirak etmiş biri olaraq bu seçkiləri ötən seçkilərdən fərqləndirəcək hər hansı bir gözləntiniz var?

- Yuxarıda da vurğuladım ki, Azərbaycanın öz ərazi bütövlüyünü tamamilə bərpa etməsi sadəcə, regionda yeni reallıq yaratmayıb, həm də ölkədə yeni şərait formalaşdırıb. Mən bu yeni şəraiti Milli Məclisə seçkilər kontekstində də dəyərləndirirəm. Söhbət nədən gedir? Nəticələrdən asılı olmayaraq, 1 sentyabr seçkiləri Azərbaycanın bütün suveren ərazisində keçiriləcək. Bu fakt artıq qarşıdan gələn seçkilərə xüsusi önəm qatır. Digər tərəfdən, siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra bir il əvvələ qədər rəsmən mövcud olan partiyaların təqribən yarısı artıq öz fəaliyyətini dayandırıb. Eyni zamanda, artıq səlahiyyətlərinə xitam verilən indiki deputatların bir çoxunun “marafon”a qatılmayacağı, yaxud tamamilə yeni simaların mübarizəyə qoşulacağı haqda müxtəlif söhbətlər dolaşır. Toxunduğum bu məqamlar ayrı-ayrılıqda 1 sentyabr seçkisinin maraqlı keçəcəyini söyləməyə əsas verir.
 
- Fəallığınızdan belə anlaşılır ki, növbədənkənar seçkilərdə siz də namizədliyinizi irəli sürəcəksiniz. Ötən iki cəhddən sonra qərara gəlmək nə qədər asandır?

- Bəli, namizədliyim bu gün səlahiyyətli nümayəndəm tərəfindən 59 saylı Quba seçki dairəsindən irəli sürüləcək və bu mənim Milli Məclisə seçkilərdə üçüncü cəhdim olacaq. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, ötən iki seçkidə rəqiblərimlə müqayisə edilməyəcək dərəcədə çox effektli seçki kampaniyası aparmışam. Bunu Quba camaatının əksəriyyəti də təsdiqləyər. Mən özümü seçkidə uğur qazanmağa, Quba rayonunu Milli Məclisdə təmsil etməyə hazır sayıram.

- Ciddi rəqibləriniz varkən bu əminlik üçün əsasınız varmı?

- Məsələ rəqiblərin kimliyində yox, insanın özünü mübarizəyə hazır saymağındadır. Kimin mənimlə seçkidə iştirak edib-etməyəcəyini bilmirəm. Bu məqamın mənim seçkidə iştirakıma heç bir təsiri yoxdur. Əminliyə gəldikdə, mənim əsas üstünlüyüm yalnız əslən Quba rayonundan olmağım deyil. Qubanın köklü və hörmətli bir ailəsinə mənsubam, rayonla bağlarım çox möhkəmdir. Mən doğma rayonuma seçkidən seçkiyə yox, az qala hər həftə gedirəm. Rayon əhalisini narahat edən məsələləri dəqiq bilirəm. Əlbəttə ki, məni seçkilərdə iştiraka sövq edən ən əsas amil seçicilərin mənə müsbət münasibəti və etimadıdır.

- Yəni seçkiyə bu dəfə də müstəqil namizəd kimi qatılmaq niyyətindəsiz?

- Bəli. Amma bitərəf namizəd olmaq siyasi partiyalarla hər hansı əlaqənin, təmasın olmaması ilə ifadə edilmir. Ancaq seçkiyə məhz müstəqil namizəd olaraq qatılmağa üstünlük verirəm. Mənim mövqeyim, təqdim edəcəyim platforma hansısa partiyanın mövqeyinə uyğun ola bilər. Bu mənada daha nikbin düşünürəm və hakim Yeni Azərbaycan Partiyasının müstəqil namizəd kimi məni dəstəkləməsinə belə kifayət qədər real baxıram.