“YAP-ın namizədi haqqında danışmaq imkan xaricindədir” – - Müsahibə

yap-in-namizedi-haqqinda-danismaq-imkan-xaricindedir-
Oxunma sayı: 2033


- Parlament seçkilərinin rəsmi startı ərəfəsində ölkədə seçkiqabağı şəraitdə hansısa dəyişikliklər müşahidə olunur? 

- Təbii ki, seçkilərin başlaması günü, rəsmi start yaxınlaşdıqca, ölkədə bu istiqamətdə fəallıq da artmaqdadır. Mən öz çıxışlarımda bir neçə dəfə bildirmişdim ki, ötən seçkilərdən fərqli olaraq, builki seçkilərdə fəallıq nisbətən aşağı səviyyədədir. Bunun da müəyyən səbəbləri vardı. Birinci Avropa Oyunlarından sonra seçki atmosferinin sürətlə yaranması baş vermədi. Lakin tədricən ölkədəki əsas siyasi qüvvələr parlament seçkilərini öz gündəliklərində gec də olsa ön sıraya çıxara bildilər. Düzdür, qeyd etdiyimiz seçki fəallığı hansısa aksiyalarla, sürpriz seçki ittifaqlarının yaranması ilə, yaxud da gözlənilməz iddialı namizədlərin özlərini bəyan etməsi ilə müşahidə olunmur. Bununla belə, seçki mövzusu aktuallıq qazanıb. 

Seçkilərlə bağlı daha bir maraqlı məqam əsas müxalifət partiyalarının, bloklarının öz seçki siyahılarının açıqlanmasını ləngitmələri oldu. Yəni hakim Yeni Azərbaycan Partiyasının öz siyahısını açıqlamaması müxalifət partiyalarını gözləmə mövqeyi tutmağa sövq etdi. Lakin vaxt çaışmazlığı üzündən artıq bəzi partiya və bloklar öz ilkin siyahllarını açıqlamalı oldular. Hər halda, seçkilərin bu mərhələsi üçün maraqlı vəziyyətin yarandığını söyləmək olar. 

- Namizədliyinizi irəli sürəcəyinizi bildirdiyinizdən, demək olarmı ki, bu prosesi maraqlı tərəf kimi müşahidə edirsiniz? 

- Milli Məclisə seçkilərdə namizədliyimi irəli sürmək qərarım var və mövqeyim dəyişməyib. 52 saylı Quba şəhər seçki dairəsində parlament təmsilçiliyi uğrunda müstəqil namizəd kimi mübarizə aparmaq niyyətindəyəm. O baxımdan, seçkiqabağı prosesləri daha diqqətlə izləmək və təhlillər aparmaq zərurəti yaranıb. Öz imkanlarımı, eyni zamanda, mümkün rəqiblərin də imkanlarını dəyərləndirmədən, belə çətin mübarizədə davam gətirmək asan olmaz. O baxımdan, mənim də bütün diqqətim bu məsələlərə yönəlib. 

- Seçkilərə qatılmaq üçün Qubanı seçməyiniz sizə doğrudanmı hər hansı üstünlük qazandırır? 

- Artıq bir neçə dəfə bildirmişəm ki, bizim əslimiz köklü Qubalıdır və mən rayonda kifayət qədər tanınmış, nüfuzlu bir nəslin nümayəndəsiyəm. Öz namizədliyimi Qubadan irəli sürməyimə həlledici təsir göstərən əsas amillərdən biri məhz budur. Tək Azərbaycanda deyil, əksər ölkələrdə qeyd etdiyim faktor çox təsiredicidir. Hazırda qohum-əqrəbanın böyük hissəsi Qubadadır, özümün şəxsi dost-tanışlarımın da əksəriyyəti, təbii ki rayondadır. Eyni zamanda, Qubanın ictimai-siyasi həyatında fəaıllıq göstərən insanların çoxu ilə də münasibətim var. Amma əlbəttə ki, seçkidə iştirak qərarı verməyimin əsas səbəbi özümü bu mübarizəyə hazır hesab etməyimdir. 

- Sizin adınız və kimliyiniz Quba seçicisi üçün nəsə deyir? 

- Mən Qubanın ilk stomatoloqlarından olmuş babam Əlabbas Məhərrəmovun adını daşıyıram. Rayonun nisbətən yaşlı əhalisi onu çox yaxşı tanıyıb-xatırlayır. Babam yüksək səviyyəli mütəxəssis olmaqla yanaşı, öz mütərəqqi baxışları ilə də seçilib, ədəbiyyata-incəsənətə xüsusi marağı olub. Azərbaycanın bir çox tanınmış şair və yazıçıları ilə şəxsi münasibətləri olub. Onların arasında böyük şairimiz Səməd Vurğunu xüsusi qeyd etmək istərdim. O, dəfələrlə Qubada babamın qonağı olub. Səməd Vurğunun babamla birgə ovda olarkən çəkdirdikləri şəkil çox yayılıb. Yəni belə bir ziyalı və imanlı insanın nəvəsi olmaq təbii ki, üstünlük və o cümlədən də, məsuliyyətdir. 

Qeyd edim ki, hazırda əmim Sənan Məhərrəmov da babamın yolunu davam etdirir və rayonun tanınmış stomatoloqlarından biridir. O da həkim olmasına baxmayaraq, ədəbiyyata, incəsənətə yaxın insandır. Böyük şairimiz Məmməd Araz yaradıcılığının vurğunudur, mərhum şarimizlə şəxsi münasibətləri vardı. Atam Kamran Məhərrəmov 2011-ci ildə vəfat edənə qədər uzun müddət Quba Uşaq Müsiqi və İncəsənət Məktəbinin direktoru olub, ixtisaslı musiqiçilərin yetişməsinə, onların daha irəli getmələrinə çalışıb, rayonun mədəni həyatında çox fəal rol oynayıb. Atamın Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə yaxşı münasibətləri olub. Onların Qubaya səfərlərinin təşkilinə, yerli musiqiçilərə dəstək vermələrinə hər zaman yardım göstərib. Dəfələrlə Azərbaycandan kənara, o cümlədən ABŞ-a, Avropa ölkələrinə dövlət səviyyəsində səfərləri olub. Bu yerdə xatırladım ki, atamın amerikalı tanınmış kamança və tar ifaçısı Cefri Verbaxla da çox yaxın münasibətləri olub. Onunla münatəzəm əlaqə saxlayıb, Qubada da, Amerikada da görüşləri olub. Cefri Qubaya son gəlişində atamın məzarını da ziyarət etdi. O, hər zaman deyirdi ki, “Bayatı-Şiraz” muğamını mənə Kamran müəllim öyrədib. Bütün bunları sadalamaqda məqsədim sualınıza daha aydın cavab verməkdir. Yəni mən belə bir nəslin nümayəndəsi, belə bir kişinin nəvəsi və belə bir kişinin oğluyam. Onların adı, nüfuzu mənim üçün əlbəttə ki, üstünlükdür.

- Mübarizə demişkən, əsas potensial rəqibləriniz məlumdur? 

– Hazırda 52 saylı Quba şəhər seçki dairəsini Vahid Əhmədov təmsil edir. Şəxsən mən, o cümlədən Quba seçiciləri Vahid müəllimə hörmətlə yanaşırıq. O, bu dairədən iki dəfə deputat seçilib və millət vəkili kimi çox normal fəaliyyət göstərib. Böyük ehtimalla, bu seçkilərdə də öz namizədliyini irəli sürəcək. O cümlədən növbəti ciddi rəqib şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının namizədi olacaq. Amma hakim partiya öz namizədlərinin siyahısını hələlik açıqlamadığı üçün bu barədə danışmaq imkan xaricindədir. Ancaq rəqiblərimin kimliyindən asılı olmayaraq, onların hər birinə hörmətlə yanaşır və ciddi qəbul edirəm. Onu deməliyəm ki, bütün hallarda mübarizə aparmaq və Quba seçicilərini Milli Məclisdə təmsil etmək iddiasındayam.

“Qafqazinfo”