“YAP-ın VII qurultayı partiyanın yeni inkişaf mərhələsinin başlanğıcı oldu”

yap-in-vii-qurultayi-partiyanin-yeni-inkisaf-merhelesinin-baslangici-oldu
Oxunma sayı: 917

“Nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayından üç  il ötür. Üç ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara nəzər salsaq bu fikri böyük inamla qeyd edə bilərik ki, möhkəm təməl, gələcəyə hesablanmış strategiya, təkmil islahatlar davamlı inkişafın əsasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının hansı zərurətdən yarandığını, ölkəmizin uğurlarında rolunu daha aydın görərik.

Ümummilli lider Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiysı kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası yarandığı gündən irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları, müəyyənləşdirdiyi hədəfləri ilə Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına töhfələr verir.

“Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin əsasında saxlayan partiyaya xalqın inamı, etimadı böyükdür: “Bu, istər YAP-ın sıralarının genişlənməsində, istərsə də ölkəmizdə keçirilən seçki proseslərində özünü aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd edərək strateji hədəflərini açıqlamışdır. Bu mənada YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirildi. Bu mühüm məqam da daim xüsusi qeyd edilir ki, ulu öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ümummilli liderin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir.

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi. Ulu öndərin öz dövlətinə, xalqına sevgisi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının ümummilli lider Heydər Əliyevə müraciəti, dahi şəxsiyyətin bu müraciətə  cavabı, bunların əsasında 1992-ci il 21  noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi bu günümüzə və gələcəyimizə hesablanmış addımlar sırasındandır. Hər bir ölkənin həyatında müəyyən dönüş nöqtələri olur ki, Azərbaycan üçün bunlardan biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Cənab İlham Əliyev VII qurultaydakı çıxışında da bu reallığa xüsusi diqqət yönəldərək bildirdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı”.

Malik Həsənov qeyd edib ki, hər bir hədəf gələcəyə xidmət edən mühüm addımdır.

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, artıq həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başlayıb: “Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi. 7 fevral - müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi xalqın inamının, etimadının, 20 ildə görülən işlərə yüksək dəyərinin, eyni zamanda, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunun bir daha nümayişi oldu. Yeni dövrə yeni hədəflərlə qədəm qoyduq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu yeni dövr uğurla başlayıb, uğurla da davam edəcək”.