YAP rəhbərliyi toplandı: - Nurçu məsələsi müzakirə olunub?

yap-rehberliyi-toplandi-
Oxunma sayı: 2362



“Qafqazinfo” xəbər verir ki, YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasın gündəliyinə cari ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsi barədə məsələlər daxil edilib. Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib. İdarə Heyətinin üzvləri məsələ ilə bağlı çıxış edərək fikirlərini bildirmişlər. İclasda geniş müzakirə aparılaraq müvafiq qərar qəbul olunub. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsinə hazırlıq barədə YAP İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurlana Əliyeva məlumat verib. O, çıxışında YAP Qadınlar Şurasının ötən dövr ərzindəki fəaliyyətini ətraflı təhlil edib. Bildirib ki, konfransa hazırlıq işləri müəyyən olunmuş qaydada gedir və tədbir nəzərdə tutulmuş vaxtda keçiriləcək. Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bu məsələ barədə qərar qəbul edib. 

“Qafqazinfo” son günlər gündəmdə olan nurçu mövzusunun İdarə Heyətinin iclasında müzakirə edilib edilməməsi ilə maraqlanıb. YAP İdarə Heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mətbuat xidmətinin yaydığı məsələlər ətrafında müzakirə aparılıb. “Əlavə nəyin müzakirə edildiyi barədə heç nə deyə bilmərəm”.