YAP sabah Hüseynbala Mirələmovun məsələsinə baxacaq

yap-sabah-huseynbala-mirelemovun-meselesine-baxacaq
Oxunma sayı: 5632

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə açıqlama verən YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, sözügedən məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanmış və şiddətlə qınanılmışdır. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunmuşdur. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə H. Paşayev qeyd edib.

***

YAP İdarə Heyətində təmsil olunan deputatlardan biri "Qafqazinfo" ya bildirib ki, sabahkı iclasda sabiq deputat H. Mirəlomovun partiyadan uzaqlaşdırılması halı da mümkündür. Bununla bərabər onun Xətai rayon təşkilatının sədri vəzifəsindən də azad ediləcəyi gözlənilir.