YAP təyinatlarda niyə gecikir?

yap-teyinatlarda-niye-gecikir
Oxunma sayı: 2828

Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsindən iki aya yaxın vaxt keçib.

“Qafqazinfo” xəbər verir ki, son qurultayda partiyanın yeni nizamnaməsi qəbul edilib. Yeni nizamnaməyə əsasən bir sıra işlər görülsə də, tamamlanmamış proseslər hələ də qalıb. Belə ki, qurultayda ilk dəfə olaraq partiyanın Mərkəzi Aparatı yaradılıb. Həmin posta Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təyin edilib. Yeni nizamnaməyə əsasən, Mərkəzi Aparat rəhbərinin iki müavini olmalıdır. Ancaq bu müavinlər postuna hələlik təyinatlar baş tutmayıb. 

Əldə etdiyimiz digər bir məlumata görə, hazırda partiyanın rayon təşkilatlarının işinin daha çevik və optimal qurulması məqsədilə bir sıra işlər planlaşdırılır.

Bildiyimiz kimi, hazırda Milli Məclisdə partiyanın rayon təşkilatlarının sədrləri olan deputatlar da təmsil olunur. Yeni tələblərə əsasən, partiyanın rayon təşkilatlarının sədrləri olan deputatlar əsas olaraq yerli təşkilat sədri kimi fəaliyyət göstərməlidirlər. Bu məqsədlə də həmin şəxslərin İdarə Heyətinin növbəti toplantılarının birində rayon təşkilatlarının sədri vəzifəsindən azad edilməsi gözlənilir.

Qeyd edək ki, partiyanın yerli təşkilatı İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ya ləğv olunur. İdarə Heyəti yerli təşkilatın fəaliyyətinə nəzarəti həyata keçirir.

Partiyanın yerli təşkilatının fəaliyyətinə yerli təşkilatın sədri rəhbərlik edir. Sədrin bir müavini var. İdarə Heyəti yerli təşkilatın sədrini vəzifəyə təyin və vəzifədən azad edir.

Xatırladaq ki, partiyanın son qurultayında həmçinin Veteranlar Şurası yaradılıb. Onun hazırda 33 üzvü var. İdarə Heyətinin üzvlərinin sayı 40 nəfərə çatdırılıb. Partiyanın Gənclər Birliyi yenidən formalaşdırılaraq ora yeni rəhbər təyin edilib. 

Günel Türksoy