Yaponiyada 60-dan çox insan qar təmizləyərkən öldü

yaponiyada-60-dan-cox-insan-qar-temizleyerken-oldu
Oxunma sayı: 1710

Yaponiyanın şimal bölgələrində qar yığınlarının təmizlənməsi zamanı 60-dan çox insan həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiyanın dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm naziri Kazuyoşi Aqaba Tokioda keçirdiyi mətbuat konfransında açıqlama verib.

Yaponiya hökuməti resurs çatışmazlığı səbəbindən ölkənin şimal bölgələrinə təcili maliyyə yardımı edəcəyini açıqlayıb. 

“Dövlət ehtiyac duyulan resurs miqdarını tez bir zamanda hesablayaraq qar yığınlarının təhlükəsiz şəkildə təmizlənməsi üçün kömək edəcəkdir. Təmizləmə zamanı qeydə alınan rekord ölüm sayından son dərəcə narahatıq”, - deyə Aqaba bildirib.

Nazirin sözlərinə görə, qurbanların sayı 2017-2018-ci ilin qışında qeydə alınmış rekordu ötüb.

Qarla örtülmüş binaları təmizləyərkən ölənlərin əksəriyyəti yaşlı insanlardır. Onlar evlərinin damlarından yıxılaraq və ya qar yığını altında qalaraq həlak olurlar. Bu baxımdan, hökumət yerli hakimiyyət orqanlarına ayrılmış resurslardan ilk növbədə əhaliyə kömək məqsədilə istifadə etmələrini tapşırıb.

Qeyd edək ki, Yaponiyanın Honşu adasının şimalında və şimaldakı Hokkaydo adasında ötən ilin dekabrından bəri davam edən güclü qar yağışı dayanmır. Şiddətli qar mütəmadi tıxaclara, kommunal xidmətlərdə fasilələrə səbəb olur.