“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova muzeyin kollektivinə və sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən layihənin rəhbərinə və valideynlərə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, ustad dərslərində iştirak etmək istəyənlərin sayı çoxalmaqdadır: "Valideynlər bu dərslərlə çox maraqlanırlar. Belə dərslər uşaqların yaradıcılığının inkişafına öz müsbət təsirini göstərir. Elə uşaqlar var ki, onların işləri artıq nümayiş edilmiş, elələri isə var ki, belə mötəbər sərgidə ilk dəfədir iştirak edirlər. Onların hamısına uğurlar arzulayıram".
Sərgi üç ay ərzində hər həftənin bazar günlərində MİM-də keçirilmiş 7-13 yaşlı uşaqlar üçün ustad dərslərinin nəticəsi olaraq təqdim olunur. Ustad dərslərində gənc iştirakçılar peşəkar rəssamların rəhbərliyi altında yaradıcılıq düşüncəsinin, kompozisiyanın, yapmanın, kollajın, fotonun və batikanın əsaslarını dərk ediblər.
Ustad dərslərində Çingiz Babayev, Mətin Şərifov, Aqşin Kazımov, Xanlar Əsədullayev, Nadiya Taziyeva, həmçinin "DaART" uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva və müəllimləri Nübar Şahbazova, Zina Qasımova da iştirak ediblər.