“Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, son yarımfinalçının adı isə “Neftçi” ilə “İnter” arasında paytaxt derbisində məlum olub. “Şəfa”da baş tutan ilk oyundakı heç-heçə (1:1) “ağ-qaralar”ın işinə yarayıb. Matç 0:0 hesabı ilə nəticələnsə də, ilk oyundakı səfər qolu “Neftçi”ni yarımfinala daşıyıb.
Qeyd edək ki, yarımfinalda paytaxt təmsilçiləri “Neftçi” ilə “Rəvan” bir-biri ilə görüşəcək, əyalət klubları “Qəbələ” və “Xəzər Lənkəran” digər finalçını müəyyənləşdirəcək.
“Neftçi” – “İnter” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fariz Yusifov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
“Bakcell Arena” stadionu
İlk oyun – 1:1
“Neftçi”: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 7. Araz Abdullayev (k), 9. Flavio Aleks Valensio, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 24. Ruzi Qiyaslı, 3. Denis Silva, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov
Baş məşqçi: Böyükağa Hacıyev
“İnter”: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 15. Yohan Bokonyano, 88. Derlis Meza Kolli, 20. Brüs Abdulaye, 33. Matija Spiçiç, 28. Baçana Sxadadze, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k)
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 8. Mikel Alvaro, 21. Arif Daşdəmirov, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 19. Sezar Meza Kolli, 91. Coşqun Diniyev
Baş məşqçi: Kaxaber Sxadadze
***
Topaz Premyer Liqasının lideri “Qarabağ” Azərbaycan Kubokunda mübarizəni dayandırıb. Lent.az-ın məlumatına görə, Ağdam komandası ¼ final mərhələsinin cavab görüşündə “Qəbələ”yə uduzub – 1:2.
Səfərdə keçirdiyi ilk görüşdən 0:0 hesablı qələbə ilə dönən “Qarabağ” doğma meydan amilindən yararlana bilməyib. İlk yarının sonuncu dəqiqəsində “Qəbələ”nin hücumçusu Daniel Subotiç hesabı açıb. 61-ci dəqiqədə Reynaldo Silva bərabərlik qolunu vursa da, 82-ci dəqiqədə qonaqların digər hücumçusu Viktor Mendi qələbə topuna imza atıb.
“Qəbələ” yarımfinalda “Xəzər Lənkəran”la üz-üzə gələcək. “Rəvan”ın rəqibi isə 19:00-da başlanacaq “Neftçi” – “İnter” matçının qalibi olacaq.
***
Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin daha bir cavab görüşü başa çatıb. Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran” I divizion təmsilçisi “Araz Naxçıvan”ı minimal hesabla yenib.
Yeganə topun müəllifi 25-ci dəqiqədə Etame Mbilla olub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, iki görüşün nəticəsində “Xəzər Lənkəran” yarımfinala yüksəlib. Rəqib hazırda davam edən “Qarabağ” – “Qəbələ” matçının qalibi olacaq. İlk yarıdan sonra “Qəbələ” 1:0 hesabı ilə öndədir. Bu komandaların ilk görüşündə hesab açılmayıb – 0:0.
Qeyd edək ki, daha öncə “Rəvan” penaltilər seriyasında “Bakı”nı 9:8 hesabı ilə yenərək, yarımfinala adlayıb.
***
Sensasiya: “Rəvan” Azərbaycan Kubokunun yarımfinalında!
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, ¼ final mərhələsinin cavab görüşündə “Rəvan” səfərdə “Bakı”nı penaltilər seriyasında üstələyib.
Bu komandalar arasında ilk görüşdə paytaxtın eyniadlı təmsilçisi qalib gəlib – 1:0. Cavab görüşündə “Rəvan” 85-ci dəqiqədə Elvin Həsənəliyevin qolu ilə eyni hesabla qələbəyə nail olub. Nəticədə əlavə vaxt təyin edilib. 30 dəqiqəlik bölümdə komandalardan heç biri fərqlənə bilməyib. Penaltilər seriyasında uzun müddət tərəflərdən heç biri büdrəməyib. Yalnız 9-cu penaltidə “Bakı”nın hücumçusu Marius Penanın zərbəsini “Rəvan”ın qapıçısı Lukas Sapela dəf edib. Qonaqların kapitanı Novruz Məmmədov isə zərbəni dəqiq yerinə yetirib – 9:8.
Beləliklə, “Rəvan” tarixində ilk dəfə ölkə kubokunun yarımfinalına yüksəlib. Baş məşqçi Güvenç Kurtarın komandası növbəti mərhələdə “Neftçi” – “İnter” matçının qalibi ilə üz-üzə gələcək. Bu oyun saat 19:00-da başlanacaq və “Bakcell Arena”da keçiriləcək.
Hazırda ¼ final mərhələsinin daha 2 cavab görüşü keçirilir. “Xəzər Lənkəran” “Araz Naxçıvan”a ilk yarıdan sonra 1:0 hesabı ilə qalib gəlir, “Qarabağ” – “Qəbələ” matçında isə hesab açılmayıb – 0:0.