Yarışma üçün 500 manat tələbi ləğv olundu

yarisma-ucun-500-manat-telebi-legv-olundu
Oxunma sayı: 691

Ötən gün “Space” telekanalında anonsu gedən “Azərbaycanın Səsi” müsabiqəsində iştirakçılardan 500 manat tələb olunduğu ittihamını və təşkilatçıların bu faktı təsdiqlədiyi xəbərlərini yazmışdıq.


Məsələ ilə bağlı sözügedən layihənin baş prodüseri Məhərrəm Mehralıyev “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, son günlər iştirakçıların arzularını nəzərə alıb müsabiqəyə qatılmaq üçün pul ödənişini ləğv ediblər: “Əvvəlcə layihəninn şərtlərinə görə qeydiyyatdan keçmək istəyən iştirakçılardan 500 manat məbləğində pul tələb olunurdu. Son bir neçə gündə şərtlərdə müəyyən dəyişikliklər edildi. Artıq iştirak etmək istəyənlərdən heç bir ödəniş istənilmir. İstedadı olan insanlar heç bir pul ödəmədən iştirak edə bilər”.


Xatırladaq ki, layihədə iştirak etmək istəyən gənc müğənni Fərhad Əkbərov saytımıza şikayətində bildirib ki, şərtlərdə nəzərdə tutulmadığı halda qeydiyyat üçün ondan 500 manat məbləğində pul tələb olunub. Gənc müğənninin “Qafqazinfo”ya verdiyi məlumata görə layihə təşkilatçıları sonradan ona zəng edərək, müsabiqənin ilk turundan keçməyəcəyi təqdirdə pulun geri qaytarılacağını söyləyiblər.

Qeyd edək ki, Space telekanalından redaksiyamıza bir neçə nəfərin zəng vuraraq bizdən xəbərdəki “Space”in loqosunu çxıartmağı tələb etdiyini yazmışdıq. Layihənin baş prodüseri bu məsələyə də münasibətini bildirib: “Layihənin anonsları SPACE televiziyasında yayımlansa da, müsabiqənin hansı kanalda efirə gedəcəyi hələ məlum deyil. Ola bilsin ki, digər bir telekanalla razılaşdıq”.

İlqar