Yas mərasiminə hazırlıq

yas-merasimine-hazirliq
Oxunma sayı: 2318



Artıq neçə gün idi ki, özümü yaxın günlərdə baş tutacaq yas mərasimi üçün hazırlamışdım. O gün gələndə göz yaşlarımı tutmalı, güclü görünməli idim. Ətrafımdakılara mənfi enerji ötürməmək, dostumun xəstəliyinə qarşı keçirtdiyim narahatlığı büruzə verməmək üçün özümü sıxır, müxtəlif məşğuliyyətlərlə vaxt öldürməyə çalışırdım. İki həftə ərzində iki fərqli salonda idmana yazıldım, 5 kitab bitirdim. Evdəki qırıq-sökük nə varsa təmir etdirdim.

Öz başıma gələn hadisələrdən yazmaq xoşuma gəlmir. Amma bu halı yaşamış bir insan kimi keçirdiyim hissləri yazmaq fürsətini də əldən vermək istəmirəm.

Həyatını yenicə qaydasına salmış- yeni iş, yeni həyat yoldaşı-olan dostumun xərçəng xəstəsi olduğunu öyrəndikdə ilk şoku yaşadım, özümə gəlməmiş ikinci zərbəni həkimlərin dostuma 15 günlük ömür biçdiklərini öyrənəndə aldım. İlk gün sadəcə divara baxdım, mənasız şəkildə facebuk səhifələrini dolaşdım. Nə isə yazmağa çalışdım, alınmadı. Musiqi dinləmək istədim amma zövq ala bilmədim. İkinci gün özümə gəlib əsəbləşməyə başladım. Allaha üsyan etdim. Çarəsiz şəkildə Allahı söyüb, şit zarafatına görə onu qınadım. Qarşıma çıxan hamıya həyatın mənasızlığından, Allahın ədalətsizliyindən danışıb, saatlarla deyindim.

Dost tanışım dua etməyə başladılar. Tanıdıqları dindar insanlardan dualar öyrənib, bir kağıza mənasını bilmədikləri duaları yazdılar. Kağızdan bu yazını oxudum : “Gündə 127 dəfə”. Hamı Allahdan, dindən, talehdən danışmağa başladı. Mən isə onkologiya şöbəsində könüllü olaraq işləmiş bir tibb universiteti tələbəsi kimi ümidsiz şəkildə günlərin tez keçməsini istəyirdim. Daha əvvəl onkologiya şöbəsində tanıdığım, dostlaşdığım bütün xəstələrin ölümünü görmüşdüm, xoş xəbərə olan ümidimi çoxdan itirmişdim. Xəstə yaxınlarının gözlərində gördüyüm inamın, “ümid” parıltısının sönməmək üçün son günə qədər necə mübarizə apardığının şahidi olmuşdum. Daha artığını görmək, təkrar inanıb, sonra məyus olmaq istəmirdim. Ona görə qəti şəkildə özümü yas mərasiminə hazırlayırdım.

...Bu dəfə səhv diaqnoz xəbəri Bakıdan yox, Moskvadan gəldi. Bütün günü söydüyümüz Azərbaycan həkimləri Moskvada verilmiş diaqnozun səhv olduğunu iddia etdilər. Ümidləndik, təcili olaraq dostumu Türkiyəyə yola saldıq. Türklər bizim həkimlərin diaqnozunu təsdiqlədilər.

Bir anda insanın həyatının necə alt-üst ola biləcəyini rus həkimləri sayəsində öyrənmiş oldum. Bir anda uşağı atasız qalacaqdı (anası daha əvvəl rəhmətə gedib). Bu ərəfədə ölümün çox yaxında olduğunu düşünüb, səhhətimə fikir verməyə başladım. Uzun müddətdir ləngitdiyim dişəti müalicəsinə başladım, ağciyərlərimi yoxlatdım, idmana başladım. Ölümün həmişə bir addımlığımızda olduğunu xatırladım. Bəlkə də rus həkiminə buna görə təşəkkür etmək olar, bu qədər insana üç həftədir yaşatdıqlarına və həyata qısa müddətliyinə də olsa fərqli baxmağıma səbəb olduqlarına görə.

Bu hadisələrdən sonra mən də tələbə kimi həyatın qısa olduğuna və qorxularıma qalib gəlməli olduğuma qərar verdim. Qorxu tilsimini qırıb nəhayət xəstələrdən birinə əzələ daxili iynə vurdum.