“Yaşadığım kişilərin heç yadına da düşmürəm” - Həyat dramı

yasadigim-kisilerin-hec-yadina-da-dusmurem
Oxunma sayı: 1242

Bir yaşındaykən ata - anası qəzada həlak olan qadının – Həyat Dramı

Suriya Səlimova 1957-ci il fevral ayının 15-də Bakının Pirallahı qəsəbəsində dünyaya gəlib. 1 il sonra anası və atası yol qəzasında həlak olub. Ata-anasını itirdikdən sonra körpənin gözləri qarşısında dayısı intihar edir. Bacısının ölümünə dözməyib elə onun evindəcə özünü güllə ilə vurur. Körpə qıza heç bir qohum sahib çıxmayıb. Beləcə, heç bir bağlılığı olmayan insanların əhatəsində böyüyüb Suriya.

60 yaşındadır indi o körpə qız. İndi də bilmir niyə o vaxt qohumları ona sahib çıxmayıb. Amma onu çölə atandan sonra atasının evinə kimlərin sahib çıxdığını yaxşı bilir. Qohumlarının nəfsi ucbatından ömrünün 60 yaşına əli boş gəlib çıxıb Suriya xanım. 3 yaşına qədər Səhiyyə Nazirliyinin himayəsində olub. Sonra internata verilib. 17 yaşında özündən 13 yaş böyük bir oğlanla ailə qurub. Onun ailə qurması da həyatındakı hadisələr qədər qəribədir, əslində. Fabrikdə bir xanım uzun illərdir bir oğlanla yaşadığını, amma uşağının olmadığını deyir Suriyaya. Və ona həmin kişi ilə ailə qurmağı təklif edir. Həyatın pisliklərindən, insanların nələr edə biləcəyindən xəbərsiz olan bu saf qız təkliflə razılaşır. Düşünür ki, bəlkə də bununla həyatının ağır mərhələsi arxada qalar.   İzdivacdan bir qızı olub Suriyanın. Adını Gültəkin qoyublar. Amma uşağının 1 yaşı olanda boşanmaq məcburiyyətində qalıb. Deyir yemək bişirə bilmədiyi, ev işlərini yaxşı bacarmadığı üçün həyat yoldaşı onu boşayıb. Gültəkin də ondan alınıb atasına verilib. Suriya xanıma deyilib ki, “ sən uşağa baxa bilməzsən”.

Danışdıqca gözlərindəki ifadə, göz yaşları onun hansı hisslər keçirdiyindən xəbər verir. Deyir, elə zənn edirdim ki, evdə kimsə mənə öyrədər yemək bişirməyi. Qaynanam məni başa salar. Amma, özünə ana olacağını güman edən bu kimsəsiz qızı qaynanası daha çox incidib, təhqir edib. Bu atasız-anasız qadının kimsəsizliyi, həyatının büsbütün alt-üst olması nə qaynananı, nə də onun oğlunu narahat edib. Suriya xanım, 19 yaşında yenidən çöllərə düşüb. Xəstəxanalarda, kafelərdə təmizlik işlərində çalışıb. İşlədiyi yerlərdə də özünə bir künc tapıb gecələr yatırmış. Amma deyir, gedib vaxtaşırı qızı Gültəkini görürmüş. Çox darıxırdım balam üçün - deyir, ağzı söz tutmur, dodaqları titrəyir. Sonra qızının atası ikinci dəfə ailə qurur və artıq onu öz doğma qızını görməyə qoymurlar.

Bir müddətdən sonra ailəli bir kişi ilə nikahsız yaşamağa başlayır. Ondan hamilə qalır. Amma kişi uşaqdan imtina edir, onu qəbul etməyəcəyini deyir. Uşaq böyük olduğundan həkimlər onu götürməkdən imtina edirlər. 1986-cı ildə Suriya doğulmamışdan atasız qalmış uşağı dünyaya gətirir. Yenə də qızı olur. Yenə də çarəsizlik, "uşağı təkbaşına böyüdə bilmərəm" qorxusu alır ananın canını. O, öz balasını övladı olmayan bir müəlliməyə verir. Deyir, ikinci qızının adının nə olduğunu belə bilmir. Amma onu özü saxlasaydı adını Gülçohrə qoyardı. Elə mənə də belə dedi: sən də Gülçöhrə yaz... Sonradan övladını verdiyi həmin ailəyə qızını görmək istədiyini bildirsə də, ona uşağın öldüyü deyilib.

Suriyanın başına gələnlər - körpəlikdə aldığı travmalar, internat həyatı və ümumiyyətlə taleyinin heç cür gətirməməsi, səhvləri barədə danışdıqları insanı incidir. Amma bütün bunlar onun çarəsizlikdən etdiyi seçimləri olub. O, gizlətmir, nələr yaşadığını, hər şeyi danışır... Deyir indiyəcən beş kişi ilə yaşayıb. Amma heç biri də onun arxasında dayanmayıb. Normal qadın həyatı yaşamayıb Suriya, danışdıqlarından belə nəticəyə gəlinir. Və bu yolu seçməyinə səbəb onun çarəsizliyi olub, bir də - bəlkə bu dəfə alınar - ümidi. Yanında ona məsləhət verəcək nə ana, nə arxasında dayanacaq ata, qohum-əqrəba olub. Onun həyatının hansısa bir dönəmində doğru qərar verə bilməsi üçün cüzi təhsili belə olmayıb.

İndi 60 yaşını artıq tamamlayan bu qadın “Təmiz dünya” Qadınlara Yardım İçtimai Birliyinin sığınacağındadır. Suriya xanımı bu sığınacağa Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan qəsəbəsində fəaliyyət göstərən filialı gətirib. Onun getməyə bir qapısı belə yoxdur. Səbəbini demək bizə düşməz indi, qisməti, taleyi belə imiş yəqin. Suriya xanımın qızı Gültəkinin normal ailəsi, övladı var. Kim bilir, bəlkə uşaqlıqdan anası ilə qalsaydı Gültəkin də indi bədbəxt bir qadın həyatı yaşayardı. Əslində, Suriya xanımın həyatını yaşamadan onun nələrlə üzləşdiyini, hansı vəziyyətlərə salındığını demək çox çətindir.  Bilinən odur ki, bu 60 yaşlı qadın həyatının başlanğıcında olduğu kimi indi də təkdir, kimsəsizdir. Var kimlərisə, amma həm də heç kimi yoxdur. Suriya xanım 34 yaşında olarkən 66 yaşlı bir kişi ilə ailə qurub. Amma bu dəfə də taleyi alınmayıb. Deyir qonşularında içki düşkünü olan bir kişi var imiş. Bir gün yolda Suriya xanımın arxasınca düşüb. Bir qədər getdikdən sonra yaxınlaşıb ona ailə qurmağı təklif edib. Suriya xanım ailəli olduğunu xatırladıb və təklifi qəbul etmədiyini bildirib. Qadının dediklərinə məhəl qoymayan sərxoş kişi qapısının ağzına qədər onun arxasınca gəlib, həyətə girib və özünü idarə edə bilmədiyindən pilləkənlərdə oturub qalıb. Həmin dövrdə Suriya xanım ailə qurduğu kişiylə birgə Binə qəsəbəsində yaşayırmış. Deyir nə qədər edib, sərxoş kişini heç cür bayıra çıxara bilməyib. Əri evə gəlib və həyətdə yad kişi görəndə əsəblərini cilovlaya bilməyib, onu bıçaqlayıb. Həmin qonşu kişi xəstəxanada keçinib. Gözü dönmüş əri Suriya xanıma da bıçaqla xəsarətlər yetirib. Yaşanılan bu faciədən sonra Suriya xanım Binə qəsəbəsində qaldığı evi aldanaraq su qiymətinə - 3 manata satıb, cəmi 3 manata. İnanmaq çətin olsa da, Suriya xanımın həyatda yaşadıqları atdığı bu addıma da inandırır insanı. Deyir mən haradan bilərdim ki, bu balaca evin qiyməti var.

Həyatının bu məqamında gülə bilməsi bu qadının çox da zəif biri olmadığından xəbər verir. Amma simasında daim bir sadəlövhlük, kimsəsizlik ifadəsi var. Bir insanın bu cür həyat yaşamağa məhkum olması ağrılıdır əlbəttə. Alınmayıb bu qadında heç nə. Nə uşaqlıq yaşaya bilib, nə analığını dadmağa imkan tanınıb və bunu duyub, nə də normal qadınlıq görüb. O özünü tanıyandan çöllərdədir. İllərlə küçələrdəki, parklardakı oturacaqlarda yatıb. Elə bu yaşında da fərqli deyil onun həyatı. Bu sığınacağa gətirilməmişdən əvvəl də o küçələrdə imiş. Sual edəndə ki, həyatının bu cür olmasında günahkar kimdir? Cavab verdi ki, insanlar... Mənim həyatımı insanlar korladı-deyir. Bəlkə də sözlərində həqiqət var bu qadının. Bəlkə doğrudan da qarşısına normal düşüncəli kimsə çıxıb düzgün yol göstərsəydi, lap elə birinci əri və onun anası arxa-dayaq olsaydı, həyatı başa salsaydılar, qadının taleyi tamamilə fərqli ola bilərdi. Ona təhsil versəydilər, əlini çörəyə çatdıran biri olsaydı... Amma bu "bəlkələr", "kaşkilər" artıq onun həyatını nə dəyişə bilər, nə də yenidən əvvələ qaytarar.  

Deyir, normal ailə sahibi olan qadınlar heç zaman ayrılmasınlar. Diqqətlərini yalnız ailələrinə, övladlarına versinlər. Ömürlük ailəli olub xoşbəxt yaşasınlar. Bu həyatını min bir əzab-əziyyətlə, küçələrdə, ailəsiz, övladdan kənar 60 yaşına çatmış bir qadının məsləhətidir. Həyatında olan, onun sadəlövhlüyündən yetəri qədər istifadə edən kişilərin heç biri bu gün onu yada salmır. Suriyanı bu gün həmin insanların yadına düşməməsi yox, övladını görə, onunla birlikdə ola bilməməsi incidir.

“Təmiz dünya” qadınlara yardım içtimai birliyinin vəkili Ağamirzə Bağırov Suriya xanımın bundan sonrakı həyatı ilə bağlı müvafiq işlərin görüldüyün bildirir. Deyir ki, qızına qarşı aliment ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək.

Vəkil bildirir ki, Suriya xanıma qızı Gültəkin tərəfindən müvafiq alimentin verilməsi ilə bağlı məhkəməyə müraciət olunacaq...

Hazırda cəmiyyətimizdə körpəykən kimsəsiz qalan insanlar yetərincədir. Belə həyat dramlarından xəbər tutanda bir neçə saat, uzağı bir neçə gün onun təsirində olub, sonra  unuduruq. Amma o körpələr bu hadisənin yükünü bütün ömürləri boyu daşımalı olurlar. Bunun günahı kimdədir bəs? Zamansız həyatla vidalaşan valideynlərdə, yoxsa taleyi belə yazılmış körpələrdə? Kimsəsizliyə düçar olanların əlindən tutub, həyatdakı çətinliklərə sinə gərməyi bacarmaları üçün təhsil almalarına yardım etmək, bəlkə doğru yolun nə olduğunu göstərmək daha düzgün olmazmı? Bəlkə o körpələr üçün nəsə edək? Hərəmiz bir dəfə nəsə edək. Əgər doğrudan da bu cür halları izləməmək bizə çətindirsə, əgər doğrudan da belə həyat dramları bizi üzürsə, bəlkə həm də öz rahatlığımız, hamımızın rifahı üçün bunu edək...