Yasamal Ağsaqqallar şurasının növbəti hesabat-seçki konfransı keçirildi - Fotolar

Yasamal Ağsaqqallar şurasının növbəti hesabat-seçki konfransı keçirildi
Oxunma sayı: 1074

Yasamal rayon İcra Hakimiyyətində Yasamal rayon Ağsaqqallar şurasının növbəti hesabat-seçki konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransı giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu işğalçı erməni ordusunu darmadağın etdi, Azəraycanın ərazi bütövlüyü bərpa edildi və 30 illik işğala son qoyuldu. Elşad Həsənov Azərbaycan xalqının hər zaman cənab Prezidentin qətiyyət və cəsarətini, Azərbaycan hərbiçilərinin mərdliyini qəlbində yaşadacağını vurğuladı.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bu Vətən müharibəsində bizə güc verən həm də milli və mənəvi dəyərlərimiz oldu. Xalqımızın mənəvi dəyərlərindən biri də agsaqqallara olan xüsusi münasibətdir.Xalq olaraq biz hər zaman yaşlı və ahıl insanlara xüsusi ehtiramla yanaşmışıq.

Bildirdildi ki, pandemiya səbəbindən ötən il bizim üçün ağır il oldu, xüsusən də yaşlı insanlar üçün. Bununla belə, ötən ilin sınağından alnı açıq, üzü ağ çıxdıq.Ağsaqqalarımız həm Vətən müharibəsində, həm pandemiya şəraitində öz sözünü dedilər, dövlətə və xalqa dayaq oldular. Yasamal rayonu ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai həyatda yaxından iştirak ediblər.

Konfransda çıxış edən millət vəkili, Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, incəsənət xadimi Nurəddin Mehdixanlı və digər natiqlər ölkəmizdə ağsaqqallara göstərilən dövlət qayğısından söhbət açdılar. Qeyd olundu ki, ölkəmizdə yaşlı insanların rahatlığı üçün hər cür şərait yaradılıb. Çıxış

edənlər Ağsaqqallar Şurasının fəaliyyətinin səmərəliliyi haqda danışdılar.

Daha sonra Yasamal rayon Ağsaqqallar şurasının sədri Cavanşir Qurbanov çıxış etdi. Rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirdilər, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Sonda təşkilati məsələlərə baxıldı və səsvermə nəticəsində Cavanşir Qurbanov növbəti müddətə Yasamal rayon Ağsaqqallar şurasının sədri seçildi. Konfransda həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçildi.