Yasamal məktəbliləri böyük səhnədə - Fotolar

yasamal-mekteblileri-boyuk-sehnede
Oxunma sayı: 955

Aprel ayında Yasamal rayonu 158 nömrəli tam orta məktəbdə “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində Azərbaycan-İtaliya dostluq əlaqələrinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari və xanımı iştirak edərkən 158 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin ifasında hər iki ölkənin mədəniyyəti, dostluq əlaqələri, tarixi və adət-ənənələrini əks etdirən kompozisiyalarla çıxış ediblər. Məktəblilərin çıxışlarından məmnun qalan səfirin dəstəyi ilə 2019-2020-ci tədris ilindən 158 nömrəli tam orta məktəbdə italyan dili tədris olunmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında 158 nömrəli məktəbin şagirdlərinin təqdimatında “İtalyan dili və mədəniyyəti həftəsi” çərçivəsində “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış “Pinokkionun burnunun izi ilə” tamaşası nümayiş olunub. Məşqlər İtaliyanın "CompagniaBella" teatr şirkəti və aktrisa Paola Kontininin rəhbərliyi ilə baş tutub. Tamaşa “İtalyan dili səhnədə” adlı Dünyada İtalyan Dili Həftəsinin XIX buraxılışının bir hissəsi olaraq İtaliya Respublikası Prezidentinin yüksək himayədarlığı altında həyata keçirilib.

Təşkil olunan tamaşada Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, İtalyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Yasamal rayon ictimaiyyəti, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova tamaşa haqqında məlumat verib. 

158 nömrəli tam orta məktəbin şagirdləri “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış “Pinokkionun burnunun izi ilə” adlı tamaşanı nümayiş etdiriblər.

Tamaşada çıxış edən 43 şagird sertifikatla təltif olunub.