Yasamal rayonunda sakinlərlə növbəti görüş - Foto

yasamal-rayonunda-sakinlerle-novbeti-gorus
Oxunma sayı: 1144

İyulun 30-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun 2 nömrəli sahə inzibati dairəsinin ərazisində, 11 saylı körpələr evi-uşaq bağçası həyətində T.Şahbazi küçəsi, 583-cü məhəllənin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə Əziz Əzizov çıxış edərək bildirib ki, uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyətlər kimi yetişmələri istiqamətində Azərbaycan dövləti mühüm layihələr həyata keçirir. 

İcra başçısı qeyd edib ki, 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçası müasir tələblərə cavab vermədiyindən mövcud 150 yerlik binası sökülüb, onun yerində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçası tikilib. Körpələr evi-uşaq bağçasının inşasına 2018-ci ilin mayında başlanılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib. 

Əziz Əzizov həmçinin çıxışında vurğulayıb ki, on bir saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. 

Görüşdə sakinlər tərəfindən icra başçısına qəzalı binaların sökülməsi, abad həyətlərin yaradılması, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi, küçələrin işıqlandırılması və digər sosial məsələlərlə bağlı müraciətlər olunub. O, sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini bildirib.