Yasamal rayonunda Vətən müharibəsinin şəhidi yad edilib - Foto

Yasamal rayonunda Vətən müharibəsinin şəhidi yad edilib
Oxunma sayı: 637

44 günlük Vətən müharibəsinin şəhidi, XTQ kapitanı Nurlan Mustafayev doğum günündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən yad edilib. Şəhidin Yasamal rayonunda yerləşən 2-ci Fəxri xiyabandakı məzarı ziyarət edilib, burada onun ruhuna dualar oxunub, onunla bağlı xatirələr paylaşılıb.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Nurlan Mustafayev müharibədə göstərdiyi rəşadətə görə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Nurlan Mustafayev Hadrud uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun erməni işğalçılarını torpaqlarımızdan qovduğunu və onlara tarixi bir  dərs verdiklərini bildirib.

İcra başçısı şəhidin yaxınları ilə söhbət edib, onların problem və qayğıları ilə maraqlanıb.

Elşad Həsənov Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını bildirib.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Mərasimdə millət vəkili Ülvi Quliyev, Yasamal RİH aparatı və Bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.