Yasamalda 10 milyonuncu vətəndaşa həsr olunmuş ağacəkmə aksiyası - Fotolar

yasamalda-10-milyonuncu-vetendasa-hesr-olunmus-agacekme-aksiyasi
Oxunma sayı: 1606

Yeni salınmış Nazim Hikmət küçəsinin davamı ilə kənar dairəvi yolun kəsişməsindəki ərazidə Azərbaycan Respublikasının on milyonuncu vətəndaşına həsr olunan ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının, YAP Yasamal rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak ediblər. 200 nəfərin iştirak etdiyi iməclikdə 500 ağac əkilib.

On milyonuncu sakinə həsr olunan ağacəkmə aksiyasının davamı Bakı şəhərinin mərkəzi parklarından biri olan Hüseyn Cavid parkında keçirilən izdihamlı bayram tədbiri ilə davam etdirilib. Tədbirdə Yasamal rayonunun orta məktəb şagirdləri və gəncləri “Azərbaycan – 10 000 000” fləşmobu nümayiş etdiriblər. İçtirakçılar 10 milyon yazıb, bayrağımızın rənglərinə uyğun şarları havaya buraxılıb və fəvvarənin ətrafında yallı gediblər.

Sonra parkın mərkəzində quraşdırılmış səhnədə tamaşaçılara tanınmış müğənnilər –əməkdar artisti Elza Seyidcahan, tanınmış incəsənət ustaları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin, Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin və 4 nömrəli Uşaq İnkişaf Mərkəzinin rəqs kollektivlərinin ifasında konsert proqramı təqdim olunub.

Tədbirin sonunda Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə bağlı və rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup şəxs Yasamal rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunublar.