Yasamalda Gənclər Günü qeyd olunub - Fotolar

yasamalda-gencler-gunu-qeyd-olunub
Oxunma sayı: 1165

Yasamal İcra Hakimiyyətinin və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə dünən rayonun Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon ərazisində fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup gənc alimi, ali və orta ixtisas təhsil müəssisələrinin bir qrup tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, siyasi partiyaların, ictimai təşkilatların, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Toplantını açıq elan edən Elşad Həsənov qeyd edib ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərindən biri olub: "Gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilir. Gənclərimiz ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Könüllülük gənclərimizin həyat tərzinə çevrilib. Cənab prezident “Davos İqtisadi Forumu”nda çıxışı zamanı könüllülərin fəaliyyətini xüsusi qeyd edib, könüllülük hərəkatını yüksək qiymətləndirib".

Toplantıda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək tədbir iştirakçılarını “Azərbaycan Gəncləri günü” münasibətilə təbrik edib.

Daha sonra, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri İlqar Quliyev "Ölkənin ictimai-siyasi həyatında gənclərin rolu" mövzusunda, Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cəbrayıl Qəmbərov "Müasir gənclik və müasir təhsil sistemi" mövzusunda çıxışlar ediblər.

Sonda xatirə şəkilləri çəkilib.