Yasamal rayonunun ictimaiyyəti 15 iyun-Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Yasamal Rayon İcra Hakimiyyətinin inzibatı binasında “15 iyun Milli Qurtuluş Günü-Zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov Milli Qurtuluş Gününün tarixi və ulu öndərə həsr edilmiş sənədli filim barədə məlumat verib. Daha sonra isə filmin baxışı olub.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov filmin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkürünü bildirib.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaranıb. Erməni təcavüzü, iqtisadi böhran, xalq ilə iqtidar arasında uçurumun dərinləşməsi müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutub. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdıb və Azərbaycanı böyük bəladan qurtarıb: atəşkəs rejimi əldə edilib, beynəlxalq aləm Azərbaycanı tanıyıb, ölkədə sabitlik yaranıb, “Əsrin müqaviləsi” imzalanıb.
Məhz buna görə biz 15 iyunu Milli Qurtuluş Günü kimi qeyd edirik. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
E. Həsənov bildirib ki, bu gün ümumilli liderin siyasətini Prezident İlham Əliyev qətiyyətlə davam etdirir.
Prezidentin siyasətİ Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli Qurtuluş Günü tariximizin digər böyük tarixi ilə bağlıdır- 8 noyabr Zəfər günü. Zəfər Gününə gedən yol məhz Milli Qurtuluş Günündən başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas edib, 2020-ci ildə isə Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından qurtarıb.
Qeyd olunub ki, bu gün Qarabağda böyükmiqyaslı bərpa-quruculuq işləri görülür və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağdakı milli-mənəvi abidələrimizi bərpa edir. Elşad Həsənov vurğulayıb ki, Heydər Əliyev Azərbaycanı məhz belə görmək istəyib: sürətlə inkişaf edən, torpaqları azad edilmiş və güclü liderin rəhbərlik etdiyi bir ölkə.
Elşad Həsənov bu gün ulu öndərin xidmətlərinin böyük hörmət və ehtiramla xatırlandığını və onun 1993-cü ildə Azərbaycanı məhv olmaqdan xilas etməsinin hər zaman yaddaşlarda qalacağını bildirib.