Yasamalda qazi və şəhid ailələrinə medallar təqdim edilib - Foto

yasamalda-qazi-ve-sehid-ailelerine-medallar-teqdim-edilib
Oxunma sayı: 1438

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində təltif edilmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına Yasamal Rayon İcra Hakimiyyətində medalların təqdimetmə mərasimi  keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti sayəsində mümkün olub. 44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq daima yaddaşlarda qalacaq.

Elşad Həsənov bildirib ki, bu qələbəyə görə biz Ali Baş Komandan İlham Əliyevə, şəhidlərə və qazilərə borcluyuq. Qeyd edilib ki, Yasamal RİH-də “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və qazi və şəhid ailələrinə dəstək olmaq üçün maksimum səy göstərilir.

İcra başçısının sözlərinə görə, Yasamal rayonunda qazi və şəhid ailələrinə artıq üçüncü dəfədir ki, təltiflər təqdim edilir.

Daha sonra qazi və şəhid ailələrinin üzvlərinə təltiflər təqdim edilib. Qazilər dövlətin diqqət və qayğısına görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildiriblər.

Tədbirdə millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, Erkin Qədirli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.