Bu gün Vətən Müharibəsinin şəhidi Fərid Ələkbərovun doğum günü ilə əlaqədar Yasamal rayonunun ictimaiyyəti onun II Fəxri xiyabanda yerləşən məzarını ziyarət edib, ruhuna dualar oxuyub.
"Qafqazinfo" xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə söhbət edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onların problem və qayğıları ilə marqlanıb, onlara hər cür dəstək göstərməkdə davam edəcəklərini bildirib.
İcra başçısı F. Ələkbərovun peşəkar hərbçi olduğunu xatırladaraq onun Murovdağ, Füzuli, Cəbrayıl və Şuşa uğrundakı döyüşlərdə sücəaət göstərdiyini qeyd edib. Elşad Həsənov şəhidin “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edildiyini bildirib.
Qeyd olunub ki, Fərid Ələkbərov kimi igid Azərbaycan zabit və əsgərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda düşmən üzərində tarixi qələbə qazanıblar. Öz çıxışında Elşad Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sayəsində şəhid ailələri və qazilərin dövlətin qayğısı ilə əhatə olunduqlarını bildirib.
Mərasimdə çıxış edən şəhidin anası Şükufə Hüseynova öz xatirələri ilə bölüşüb, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Mərasimdə millət vəkili Elnur Allahverdiyev, İçərişəhər Cümə məscidnin axundu Hacı Surxay Məmmədli, Yasamal RİH aparatı və bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər