Yasamalın icra başçısı səyyar görüş keçirdi - Foto

yasamalin-icra-bascisi-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1218

Martın 28-də 1 nömrəli Bakı Tibb Kollecinin akt zalında, 3 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyin ərazisində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Zivərbəy Əhmədbəyov, Mirzə Ağa Əliyev, Salatın Əsgərova küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə imzaladığı müvafiq Sərəncamları barədə geniş məlumat verib.

Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, yolların salınması və əsaslı təmir edilməsini, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb. Həmçinin, həyata keçirilən bu cür layihələr arasında keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsinin böyük əhəmiyyəti ilə seçildiyini qeyd edib. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynayıb. Bu layihənin icrası həm də paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin də davamlı olduğunu bir daha nümayiş etdirir.

Əziz Əzizov səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edib, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.